“Azərxalça”dan açıqlama: Xoşagəlməz hadisələr keçmiş rəhbərlik dövründə baş verib
Bugün Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin hesabatında ötən il "Azərxalça" ASC-də apardığı nəzarət tədbirləri zamanı bir sıra qanun pozuntularının aşkar olunması haqqında məlumat yayılıb.
1news.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, Cəmiyyətin satın aldığı iplik xammalın vahidinin qiymətinin digər müəssisələrin təklif etdiyi eyni keyfiyyətli iplik xammalın qiymətindən çox yüksək olması, tikinti işlərində istifadə edilən materialların qiymətlərinin bazar dəyərindən çox göstərilməsi, Cəmiyyətin 20 rayonda xalça toxuma emalatxanasının, yun tədarükü məntəqələrinin və Yunəyirici-Boyaq Fabrikinin tikintisində iş həcmlərinin şişirdildiyi və bu yolla podratçı təşkilatlara xeyli məbləğdə artıq vəsaitin ödənildiyi aşkarlanıb.
Qeyd edək ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ildə aparılmış nəzarət tədbirləri 2015-ci ilin 1 yanvar tarixindən 2020-ci ilin 3 iyul tarixinədək olan dövrü əhatə edir.
Xatırladaq ki, “Azərxalça” ASC ilə bağlı xoşagəlməz hadisələr keçmiş rəhbərlik dövründə baş verib.
09 yanvar 2021-ci il tarixdə “Azərxalça” ASC İdarə Heyətinin keçmiş sədri Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. V. Muradov barəsində irəli sürülmüş maddələrlə təqsirli bilinib.