Bu il 4 mindən çox işsiz və işaxtaran şəxs peşə kurslarına cəlb ediləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin planı üzrə 4 mindən çox işsiz və işaxtaran şəxsin peşə kurslarına cəlb edilməsi nəzərdə tutulur.
1news.az xəbər verir ki, bu işlər çərçivəsində Agentlik beynəlxalq sertifikatlara uyğun mütəxəssis hazırlığına da başlayacaq.
Hazırda qurum tərəfindən 127 prioritet istiqamət üzrə peşə hazırlığı həyata keçirilir. Peşə hazırlığına həm işsiz və işaxtaranlarınn, həm də peşə təlim mərkəzlərinin onlayn müraciət imkanı yaradılıb. https://dma.gov.az/vetendaslar-ucun-muraciet-formasi doldurmaqla kurslarda iştirak üçün qeydiyyatdan keçmək mümkündür.
Dövlət Məşğulluq Agentliyinin Bakı, Gəncə şəhərlərində və Göyçay rayonunda müasir tələblərə uyğun peşə hazırlığı mərkəzləri fəaliyyət göstərir.
Ötən il Agentliyin Bakıdakı Peşə Hazırlığı Mərkəzinə beynəlxalq ISO sertifikatları təqdim edilib. Ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi olan Mərkəz fəaliyyətində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (ətraf mühitin idarə olunması və qorunması sistemi), ISO 45001 (əməyin təhlükəsizliyi sistemi) standartlarının tələblərini də təmin edəcək.