XİN-ə qəbul imtahanının nəticələri ilə bağlı apelyasiya prosesi başa çatıb
Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul imtahanının nəticələri ilə əlaqədar təşkil edilmiş apelyasiya prosesi başa çatıb.
Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən məlumata görə,yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq üçün Bakı və Naxçıvan şəhərlərində imtahan keçirilib.
İmtahanda namizədlərə qapalı və açıq tipli test tapşırıqları (qanunvericilik və ümumi sahəvi biliklər üzrə 70, rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə üzrə 20, ümumi dünyagörüşü üzrə 10 sual), həmçinin Azərbaycan dili və xarici dil üzrə bilik və bacarıqların ölçülməsi məqsədilə esse tapşırıqları təqdim olunub. Test tapşırıqlarının cavablandırılması üçün 150, esse yazmaq üçün isə 90 dəqiqə vaxt ayrılıb. İmtahanda 460 nəfər iştirak edib.
Namizədlərin C1 səviyyəsində biliklərə malik olması tələbi nəzərə alınaraq imtahanın nəticəsinə əsasən, xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan və ümumi bala görə ən yüksək nəticə göstərən ilk 100 namizəd müsahibədə iştirak etmək hüququ qazanıb. Qeyd edək ki, müsahibədə iştirak etmək hüququ qazanmaq üçün keçid balı 189.5 olub. Yazı işlərinin qrafik təsviri də hər bir namizədin imtahan nəticələrinə dair səhifəsində yerləşdirilib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 14 fevral 2022-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil edilib. Ümumilikdə 74 namizəd apellyasiyaya müraciət edib və komissiya tərəfindən 114 yazı işinə yenidən baxılıb. Bu müraciətlərdən 58-i xarici dildə, 56-sı Azərbaycan dilində yazılmış esse, bunlar arasında 9 müraciət isə eyni zamanda test tapşırığı üzrə olub. XİN-də diplomatik xidmətə qəbul olmaq istəyən namizədlərin yazdıqları esselər üçün qiymətləndirmə meyarları dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR–The Common European Framework of Reference for Languages) C1 səviyyəsi tələblərinə uyğun hazırlanıb. Ona görə də C1 səviyyəsi haqqında məlumat, essenin yazılmasına qoyulan tələblər müraciət edən namizədlərə Apellyasiya Komissiyası ilə görüşdən əvvəl bir daha xatırlatma məqsədilə göndərilib. Komissiyanın qərarına əsasən müraciət edənlərdən 13 nəfərin balı dəyişilib və onlar müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıblar. Bundan əlavə, 6 nəfərin balı dəyişilsə də, həmin namizədlər müsabiqə şərtlərini ödəyə bilməyiblər. Digər namizədlərin də apellyasiya ərizələrinə baxılıb və toplanılan ballarının qüvvədə qalması qərarı verilib. Xatırladaq ki, hər bir müraciət haqqında Apellyasiya Komissiyasının qərarı ilə bağlı namizədlər məlumatlandırılıb.