Qonşular ana və iki övladını xilas etmək üçün polis çağırdılar, ancaq...- DİN-dən açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Qonşular ana və iki övladını xilas etmək üçün polis çağırdılar, ancaq...- DİN-dən açıqlama

10:31 - 21 / 02 / 2022
Qonşular ana və iki övladını xilas etmək üçün polis çağırdılar, ancaq...- DİN-dən açıqlama

Bakıda ana və iki övladının amansızlıqla qətlə yetirilməsi xəbəri ölkə gündəmini zəbt edib.

Xatırladaq ki, fevralın 20-də paytaxtın Nizami rayonunda 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və onun övladları - 2008-ci il təvəllüdlü Lamiyə Qaraxanlı, 2011-ci il təvəllüdlü Ataxan Qaraxanlı 1981-ci il təvəllüdlü Əhəd Əliyev tərəfindən qətlə yetiriliblər.

Bu gün səhər saatlarında polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Əliyev saxlanılıb.

İlkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Ə.Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

Baş verən hadisə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bir çoxları baş verən hadisədə polis əməkdaşlarını günahlandırıblar. Belə ki, tanınmış jurnalist Ülviyyə Alovlunun sözlərinə görə, hadisə baş verən zaman qonşular polisə zəng edib kömək istəsələr də hadisə yerinə gələn polis əməkdaşları "ailə münaqişəsidir, içəri girməyə ixtiyarımız yoxdur” deyərək çıxıb gediblər. Cinayət də bundan sonra baş verib:

“Axşam evdən uşaqların qışqırıq səsini eşidən kimi qonşular yığışaraq qapını açmağa çalışıb. Bacarmadıqlarını görüb, polisə zəng vurub. Gələn polis əməkdaşları səsləri eşitsələr də “ailə münaqişəsidir, içəri girməyə ixtiyarımız yoxdur. Siz də dağılışın burada qalmayın” - deyib, çıxıb gediblər. Onlar gedəndən az sonra səslər kəsilib. Qonşular da düşünüb ki, yəqin problemi aralarında həll edə biliblər. Səhər məlum olur ki, polis cəhənnəm olub gedən kimi qadın, 15 yaşlı qızı və kiçik oğlu öz kürəkəni (bacısının yoldaşı) tərəfindən öldürüb.

Belə xeyirsiz polis mənim nəyimə lazımdır? Və bu polislərə cəza veriləcəkmi? Yoxsa, feministlər düz deyir, bu ölkədə qadın ölümləri siyasidir?”.

Digər şəxslər də hadisəyə müdaxilə etməyən polis əməkdaşlarını qınayaraq onların cəzalandırılmasını tələb ediblər.

Səslənən ittihamlara cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məsələnin araşdırıldığını, əlavə məlumat veriləcəyini deyib.

Ümid edirik ki, araşdırma tez bir zamanda yekunlaşacaq və hadisənin törədilməsində günahı olan şəxs və ya şəxslər layiqli cəzalarını alacaqlar.

1news.az

Paylaş:
881

Son xəbərlər

Bütün xəbərlər