“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişdirilib

13:17 - 23 / 02 / 2022
“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişdirilib

“Qarabağ” UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Adıçəkilən qurumdan 1news.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna tamaşaçı marağı və daxil olmuş müraciət nəzərə alınaraq, metropolitenin iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.

"Oyunun keçirələcəyi arenanın yaxınlığında yerləşən “Gənclik”, eləcə də “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevral ayının 24-dən 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Oyunun gedişindən asılı olaraq, zərurət yaranacağı təqdirdə, qeyd edilən stansiyalara sərnişinlərin girişinin bir qədər də uzadıla bilər. Sərnişinlər metropoliten hüdudlarında mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.

Fevralın 24-də “Gənclik” stansiyasının yaxınlığında keçirilən kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər də görüləcək. Bu xüsusda futbol oyununun başlanma vaxtı ərəfəsində stansiya gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək. Bundan savayı, “Nəriman Nərimanov” stansiyasında da ehtiyat tədbirlər nəzərə alınacaq. Xəttə çıxarılmaq üçün etiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Azərbaycan futbolu tarixində ilk dəfə UEFA miqyaslı yüksək reytinqli klub turnirinin pley-off mərhələsində çıxış edən “Qarabağ” futbol klubuna parlaq qələbə arzulayırıq"- deyə, qurumdan bildiriblər.

Qeyd edək ki, “Qarabağ” – “Marsel” oyunu saat 21:45-də başlayacaq.

1news.az

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər