Məşqçilər Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil alacaqlar

Azərbaycan Cüdo Federasiyasının (ACF) ölkədə cüdonun inkişafı, bu çərçivədə məqşçi heyətinin peşəkarlıq səviyyəsinin artımına nail olmaq istiqamətində həyəta keçirdiyi ardıcıl təşəbbüslərdən biri də öz nəticəsini verib. Belə ki, Beynəlxalq Cüdo Federasiyası (BCF) ilə qurulan sıx və qarşılıqlı əməkdaşlıq çərçivəsində 7 mart 2022-ci il tarixində BCF-in Akademiyasında Azərbaycanın cüdo idman növü üzrə məşqçiləri üçün təlimlərə start verilir.
Azərbaycanın bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri ilə yanaşı, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klublar, cəmiyyətlər və idman təşkilatlarından 45 məşqçi təlimdə iştirak edəcək və təlimi uğurla başa vurduqları halda BCF-in müvafiq beynəlxalq dərəcəli sertifikatı ilə təltif olunacaqlar.
“Peşəkarlığını artıran, davamlı olaraq yeni bilik və bacarıqlara yiyələnən məşqçi heyəti sağlam və uğurlu idmançı nəsli yetişdirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, ACF rəhbərliyinin ən önəm verdiyi məsələlərdən biri məşqçilərimizin peşəkarlıq səviyyələrinin artırılması üçün müxtəlif təhsil layihələrinin həyata keçirilməsidir. BCF Akademiyası ilə birlikdə başladığımız bu proqramda təkçə yığma komandaların məşqçiləri deyil, həm də klubları, o cümlədən regionlarımızı təmsil edən məşqçilərimiz də iştirak edəcəklər. İnanırıq ki, bu proqram ölkəmizdə cüdo idman növünün inkişafına həm yaxınmüddətli, həm də uzunmüddətli gələcəkdə çox böyük töhfə verəcək," - deyə ACF-in baş katibi Rəşad Rəsullu qeyd edib.
Qeyd edək ki, təlim prosesi nəzəri və praktiki hissələrdən ibarət olmaqla ümumilikdə 6 ay davam edəcəkdir. Seminarı uğurla başa vuran məşqçilərimiz cüdo məşqlərini planlaşdıran zaman nəzəri komponentləri tətbiq etmək, yarışlara hazırlıq zamanı müxtəlif fəndləri ətraflı izah etmək və nümayiş etdirmək, döyüş texnikaların fərqlərini nəzəri və praktiki tərəfdən izah etmək, idmançıların hazırlıq dərəcələrini düzgün dəyərləndirmək və təlimi ona görə uyğunlaşdırmaq, hər bir yarışın məqsədlərini formalaşdırmaq və idmançıların hazırlıq prosesini ona görə qurmaq, o cümlədən təlim məşq proseslərini BCF-in təqviminə adaptasiya etmək kimi nəzəri biliklərə sahiblənəcəklər.
Seminarın praktiki hissəsi isə avqust ayında Azərbaycanda BCF Akademiyasının ekspertlərinin iştirakı ilə təşkil ediləcək. Praktiki məşğələlər zamanı 100 əsas katanın yerinə yetirilməsi üzrə dərslər keçiriləcəkdir. Qeyd edək ki, kata cüdoda texniki hərəkətlər kompleksidir və onun yerinə yetirilməsinin ciddi qayda və ardıcıllığı vardır. Bu hərəkətlər kompleksinin keyfiyyətli nümayişi cüdoçunun ustalıq səviyyəsini müəyyən edir. Katanın öyrənilməsi cüdonun əsas fəlsəfi prinsiplərinin mənimsənilməsi və fəndlərin düzgün yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Onu da bildirək ki, BCF-in qərarına əsasən, 2023-cü ildən etibarən BCF-in müvafiq sertifikatına malik olmayan məşqçilərə BCF və Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışlarda tatami kənarında idmançıları müşaiyət etməyə icazə verilməyəcəkdir.
45 məşqçi ilə başlanan proqramın növbəti illərdə də davam etdirilməsi planlaşdırılır. Eyni zamanda, BCF-in Akademiyası ilə əməkdaşlıq çərçivəsində cüdo idman növü üzrə hakimlər üçün də seminarlar və təlimlər təşkil ediləcək.
Reklam hüququnda