Buta Airways Azərbaycandan Qazaxıstana uçuşlar yerinə yetirməyə başlayır
"Buta Airways" aşağıbüdcəli aviaşirkəti aprelin 5-dən etibarən Bakı-Aktau-Bakı marşrutu üzrə müntəzəm reyslərin yerinə yetirilməsinə başlayır.
1news.az xəbər verir ki, uçuşlar həftədə 3 dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.
Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.
Biletlərin dəyəri 29 avrodan başlayır.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.
Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Qazaxıstana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə Qazaxıstan ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.butaairways.az/az/covid/kazakhstan
Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.butaairways.az/az/covid/clinics
Qazaxıstandan Azərbaycana uçuş zamanı COVİD-19 testindən keçmək zəruridir. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.
“Buta Airways” aviaşirkətinin mətbuat xidməti