Ayaqqabı alarkən nələrə diqqət etmək lazımdır? - Həkim məsləhəti

İnsanlar çox zaman ayaqqabı seçərkən onun rahatlığından daha çox görünüşünə və geyim tərzinə uyğun olduğuna diqqət edir. Amma diqqət etməli başqa məqamlar da var.
Belə ki, həkimlər bildirir ki, ayaqqabı seçimində səhvə yol vermək sağlamlığımıza mənfi təsir edə bilər. Bəs, ayaqqabı alarkən nələrə diqqət etmək lazımdır? Bu suala cavab tapmaq üçün Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi, t.f.d., travmatoloq Ramin Rzayevin “Həkim məsləhəti” rubrikasında ayaqqabı seçimi mövzusunda məlumatlarını təqdim edirik:
Çox vaxt ayaqqabı almaq üçün seçim edərkən onun keyfiyyət və rahatlığından daha çox görünüşünə fikir verirlər. Lakin ayaqqabı mütləq ayağa uyğunlaşmalı, uzunluğu və eni mütənasib olmalıdır. Yanlış ayaqqabı seçimi ayaqda deformasiyaya səbəb olmaqla yanaşı, bel və onurğaya da mənfi təsir göstərir. Süni və sintetik materiallarda məsamələr olmadığından ayaqda xoşagəlməz qoxu yaranır.
Seçim edərkən, ilk növbədə, ayaqqabının pəncə ölçüsünə uyğun olmasına fikir vermək lazımdır. Ayaqqabı nə çox hündürdaban, nə də dabansız olmalıdır. Orta dabanlı ayaqqabılara üstünlük verilməlidr. Seçim zamanı ayaqqabıların ortopedik, həm üst, həm alt materialına görə elastik, materialı dəridən nəm çəkə bilən olmasına diqqət yetirmək lazımdır. Ayaqqabı içliyinin, yəni tərliyin pəncə altına uyğun olaraq ortopedik olması məsləhət görülür.
Ayaqqabının elastik və yumşaq altlıqlı olması çox vacibdir. Xanımların dikdaban ayaqqabılardan gündəlik istifadəsi də məsləhət deyil, çünki həmin ayaqqabı bədənin bütün ağırlıq mərkəzini qabağa çəkir. Onurğa, bel, kürək nayihələrindəki əzələlər yüklənir və gərginləşir. Pəncənin altında, xüsusən barmaqlarda dəri döyənəklərin yaranması və hətta bəzən xüsusən qadınlarda uzun müddət hündürdaban, barmaq və pəncələri sıxışdıran ayaqqabılar geyindikdə barmaq və pəncədə müəyyən deformasiyalar yaranmasına səbəb olur. Nadir hallarda isə barmaqlara gedən sinirlərdə törəmələrin yaranmasına və kəskin ağrılara aparıb çıxarır. Bundan başqa düzgün seçilməyən ayaqqabı dəridə səpki və göbələklərin yaranmasına da səbəb ola bilər.
1news.az