Özbəkistanın UzA agentliyi AZƏRTAC ilə xəbər mübadiləsini, texniki və kadr sahəsində təmasları artırmaq istəyir - FOTO - VİDEO
AZƏRTAC və Özbəkistanın Milli İnformasiya Agentliyi - UzA əməkdaşlığı genişləndirməklə bağlı razılığa gəliblər.
İkitərəfli əlaqələrin gücləndirilməsi barədə məsələlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovla UzA-nın baş direktorunun birinci müavini Sobir Şükürovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə müzakirə olunub.
Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu qeyd edən İdarə Heyətinin sədri deyib: “Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsində də Azərbaycanın yanında oldu. Ölkələrimiz və xalqlarımız bir-birini hər zaman dəstəkləyib və əminəm ki, bu münasibətlər daha da güclənəcək. AZƏRTAC və UzA arasında əməkdaşlığın da buna adekvat olaraq genişləndirilməsi vacib və vaxtı çatmış məsələdir”.
UzA xəbər agentliyinin baş direktorunun birinci müavini Sobir Şükürov bu görüşün ikitərəfli əlaqələrin inkişafı üçün yaxşı əsas olacağına əminliyini ifadə edib. “Hər iki agentliyin 100-dən artıq yaşı var. Bu, həm də əlaqələrimizin dərin tarixi köklərə söykəndiyini göstərir. Biz AZƏRTAC ilə xəbər mübadiləsini, texniki, kadr və digər sahələrdə qarşılıqlı təmasları artırmaq istəyirik”, - deyə o bildirib.
AZƏRTAC-ın beynəlxalq təşkilatlardakı fəaliyyəti barədə qonaqlara məlumat verilib. Qeyd olunub ki, AZƏRTAC hazırda Reuters, Press Association (Böyük Britaniya), France Press (Fransa), TASS (Rusiya), EFE (İspaniya) agentliklərinin də daxil olduğu 13 media qurumundan ibarət olan Dünya Xəbər Agentlikləri Şurasının üzvü, OANA-nın vitse-prezidentidir, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Milli Xəbər Agentlikləri Təşkilatının Şurasında təmsil olunur.
Danışıqlar əsnasında AZƏRTAC ilə UzA arasında beynəlxalq informasiya təşkilatları səviyyəsində qarşılıqlı dəstək, əməkdaşlıq müqaviləsinin imzalanması və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Özbəkistanlı qonaqlar, həmçinin AZƏRTAC-ın yeni binasını gəzib, burada yaradılan müasir iş şəraiti ilə maraqlanıblar.
Görüşdə UzA agentliyinin baş redaktoru Qayrat Xonnazarov, Özbəkistan Nazirlər Kabinetinin Turizm, Mədəniyyət və Kütləvi Kommunikasiyalar Katibliyinin aparıcı mütəxəssisi Şahobiddin Musayev və Özbəkistanın Azərbaycandakı səfirliyinin əməkdaşı Bəxraim Qaipov iştirak ediblər.