İstirahət günlərində yol qəzalarında 4 nəfər ölüb
2022-ci il aprel ayının 2-də və 3-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 102 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 50 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 52, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılıb.