Qanunsuz ağackəsmə və torpaq zəbtinə görə 6 cinayət işi başlanılıb
Azərbaycanda qanunsuz ağackəsmə və torpaq zəbtinə görə 6 cinayət işi başlanılıb.
Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırma nəticəsində Goraboy, İsmayıllı və Zaqatala rayonlarının ərazilərində qanunsuz ağackəsməyə görə 3 cinayət işi, həmçinin Masallı və Bakının Xəzər rayonlarında yerin təkindən istifadə qaydalarının pozulması və torpaq zəbtinə görə də 3 cinayət işi başlanılıb.
Aparılan araşdırmalarla dövlət mülkiyyətində olan, xüsusilə də qorunan, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə yaşıllıqların və meşə fonduna daxil olmayan ağacların kəsilməsi, qanunsuz qum-çınqıl hasilatının aparılması faktları təsdiqini tapıb.
Qanunsuz ağackəsmə və qum-çınqıl hasilatının aparılması hallarına aidiyyəti vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində yol verilməsi müəyyən edildiyindən, faktlarla bağlı Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün rayon prokurorluqları və daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.