Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsinin tikintisi aparılır - FOTO - VİDEO
Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi çərçivəsində ilk 14 km-lik hissədə tikinti işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 1news.az-a verilən xəbərə görə, yolun məhz bu hissəsi geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi hesab olunur.
Yolun uzunömürlü və davamlı olması üçün sürüşməyə qarşı tədbirlər çərçivəsində 4 ərazidə ümumi uzunluğu 2.6 km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası aparılır. Qurğular qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla inşa edilir.
Yolun ilk 2 km-lik ərazisi Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Nəticədə Ağsuçayınadək olan hissəsində yol 1.1 km, Ağsuçaydan sonrakı hissədə isə yeni istiqamət üzrə yeni Ağsuçay körpüsü və tunel hesabına 1.4 km qısalır.
Hazırda layihənin ilk 7 km-lik hissəsində torpaq işləri, yol yatağının tikintisi aparılır. Həmçinin mühəndisi qurğular, ümumi uzunluğu 180 m-dən çox olan dairəvi də düzbucaqlı suötürücülər inşa edilir.
Layihənin əvvəlində mövcud yolla kəsişmədə dairənin inşası nəzərdə tutulur. Artıq dairə olacaq hissədə dolğu işləri, ərazidə suların yolun altından ötürülməsini təmin etmək məqsədi ilə düzbucaqlı suötürücülərin inşası icra olunur.
Sözügedən ərazidə mövcud qruntun qazılaraq layihə səviyyəsinə endirilməsi üçün işlər aparılıb, yamacların eroziyadan mühafizəsi üçün bərkitmə işləri görülür. Bunun üçün yamaclara xüsusi material sərilir, yaşıllıqların yaradılması üçün üzərinə lazımi qalınlıqda münbit torpaq qatı verilir.
Yolun 1-3-cü km-lik hissəsində sürüşməyə qarşı, qruntun dayanaqlığının təmin olunması məqsədi ilə svay bərkitmə və beton rigellərin inşası işləri görülür. Həmçinin yolun 2-ci km-lik hissəsini əhatə edən ərazidə qruntun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə xüsusi sement məhlulunun yüksək təzyiqlə 10 metr dərinlikdə qrunta vurulması işləri aparılır.
Layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü inşa edilir. Körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi işləri aparılıb. Hazırda körpünün gövdə dayaqlarının inşası icra olunur.
Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Qeyd olunan hissədə tunelin giriş və çıxış portalında qazma işləri, həmçinin svay bərkitmə işləri yekunlaşmaq üzrədir. Ərazidə relyef sürüşməyə meyilli olduğu üçün tunelin giriş portalının xüsusi troslar vasitəsi ilə qrunta bərkidilməsi işləri də icra olunur. Tunelin giriş və çıxış hissələrində də xüsusi material sərilməklə yamaclar bərkidilir.
Bundan başqa layihə boyu ümumi uzunluğu 4 km-dən çox olan drenaj sisteminin qurulması və dağüstü küvetlərin inşası davam etdirilir
Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.
Layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Layihənin əsas məqsədlərinə aşağıdakılar daxildir:
- Hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması;
- Yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması;
- İqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi;
- Sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi;
- Avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi;
- Regionda turizmin inkişafı.