Hande Harmancı: “Bu, bir daha onu göstərir ki, pandemiya hələ də davam edir”
“Şərqi Avropa ölkələrində koronavirusa yoluxmaların artma səbəbi "Omikron" ştamı ilə əlaqəlidir. Hətta həmin ştamın B1 və B2 versiyaları da yaranıb”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, B2 versiyası isə daha sürətli yoluxma qabiliyyətinə malikdir: “Yüksək risk qrupuna aid olan şəxsləri, eləcə də yaşı 65-dən çox olan şəxsləri, səhiyyə işçilərini qorumaq mütləqdir”.
Hande Harmancı bildirib ki, karantin qaydalarının yumşaldılmasından asılı olmayaraq, qapalı məkanlarda maska taxılması önəmlidir: “Hazırda bir çox Avropa ölkəsində koronavirusa yoluxma sayında artım müşahidə olunur. Bu, bir daha onu göstərir ki, pandemiya hələ də davam edir”.
Hande Harmancı əlavə edib ki, Azərbaycanda əhalinin peyvəndlənmə göstəricisi 48%-in üzərindədir: “Bu, yaxşı hal olsa da, hədəfimiz 70%-in üzərindədir. Ümid edirəm ki, bu günə qədər vaksin vurdurmayan şəxslər də peyvəndlənəcək. Son günlər ölkədə yoluxma və ölüm sayında ciddi azalma nəzərə çarpır. Lakin hələ də pandemiya şəraitində yaşayırıq”.