Günel İsakova: “30 yaşadək özünə maksimum sərmayə yatırmaq lazımdır” - FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Günel İsakova: “30 yaşadək özünə maksimum sərmayə yatırmaq lazımdır” - FOTO

15:50 - 20 / 04 / 2022
Günel İsakova: “30 yaşadək özünə maksimum sərmayə yatırmaq lazımdır” - FOTO

Son onilliklərdə könüllülük fəaliyyəti Avropa reallığının ayrılmaz hissəsinə çevrilib. Burada cəmiyyətin birliyi və həmrəyliyi, ətrafdakı insanlar üçün özünə dəyər vermək hissi ən mühüm dəyərlər sırasındadır. Könüllülük təşəbbüslərində iştirak həm də yeni təcrübə və biliklər əldə etməyə imkan verir.

Azərbaycanda bu tendensiya hələ ilkin inkişaf mərhələlərində olsa da, getdikcə daha çox gəncin diqqətini cəlb etməyə başlayır.

Azərbaycanın şimal-qərbində yerləşən Zaqatala rayonundan olan 31 yaşlı Günel İsakova gənclik dövründə fəal həyat tərzi sürərək, təhsil və inkişaf baxımından qarşısında açılan imkanları qaçırmırdı.

Hələ məktəbdə oxuyarkən ABŞ-da məktəblilər üçün mübadilə proqramında iştirak etmiş, Bakıda ali təhsilini başa vurduqdan sonra isə dünya ilə tanışlığını davam etdirməyi qətiləşdirmişdir.

“Ali təhsili dərhal davam etdirmək istəməsəm də, həyatı dadmaq, dünyanı görmək, təhsil illərində əldə etdiyim bilik və bacarıqları tətbiq etmək arzusunda idim. Əlbəttə ki, həyat təcrübəsi də qazanmaq istəyirdim”, - Günel 10 il əvvəlki hadisələri belə xatırlayır.

Gənc qız üçün dərhal belə bir imkan yaranır. “Avropa Həmrəylik Korpusu” layihəsi çərçivəsində həyata keçirilən xaricdə inkişaf proqramlarından biri üçün namizəd axtarışında olan “Yuva” gənclər təşkilatından olan dostları Günelə Aland adaların “Sülh İnstitutu”nda (Finlandiya) özünü könüllü kimi sınamağı təklif edirlər.

“Düşünmədən razılaşdım! Doğrudur, hələ tələbəlik illərində əlavə qazanc əldə etməyə çalışırdım, amma həmin vaxt qazanc mənim üçün prioritet deyildi. İlk növbədə, yerimdə addımlamamaq, irəli hərəkət etmək, nəsə etmək istəyirdim. Müraciət etdim və məni qəbul etdilər”, - Günel deyir.

Beləliklə, 22 yaşlı Günel 2011-ci ildə Finlandiyanın isveçlilərin məskunlaşdığı muxtar vilayəti olan Aland adalarına yollanır. Baltik dənizdə yerləşən bu arxipelaqda 25 minədək insan yaşayır. Adalarda rəsmi dil İsveç dilidir. Adalar xüsusi hərbsizləşdirilmiş və çoxdilli statusa malikdir.

“Ətrafda hər şey maraqlı idi. Yeni insanlar, adaların unikal havası, yeni öhdəliklərim – hər şey çox maraqlı idi”, - adalarda 1 il yaşamış Günel deyir.

Günel İsakovanın rəsmən könüllü kimi qeydiyyatdan keçdiyi “Sülh İnstitutu” sülh və münaqişələrin həlli məsələləri üzrə nəzəri tədqiqat, təhsil və məlumatlandırma fəaliyyəti ilə məşğul olan 30 illik tarixə malik müstəqil təşkilatdır.

“Sülh İnstitutu”nda iş nədən ibarət idi?

Günel bilavasitə gender bərabərliyi, qadınların rolunun gücləndirilməsi mövzusu üzrə tədqiqat işinə cəlb olunmuşdu. Finlandiyanın “Sülh İnstitutu”nun “Açıq qapılar” adlı layihəsi Bakıda Azərbaycanın “Yuva” gənclər təşkilatının tərəfindən həyata keçirilirdi.

“İş çox maraqlı idi. Finlandiyadan layihənin Bakıda həyata keçirilməsini əlaqələndirirdim. Layihə çərçivəsində qızlar üçün mərkəz yaradılmışdı. Burada qızlar pulsuz ingilis dilini öyrənə, kompüter biliklərinə yiyələnə, mühüm mövzularla bağlı qrup müzakirələrində iştirak edə bilərdilər. Mən əlaqələndirici kimi fəaliyyət göstərir, sənədləri tərcümə edir, broşürlər tərtib edir və s. kimi işləri görürdüm”, - qız xatırlayır.

“Finlandiyadan qayıtmağıma az qalmış məni sülhməramlılıq sahəsində layihəyə cəlb etdilər. Belə ki, Aland adalarında “Voices for Peace” (“Sülh üçün səslər”) adlı caz konsertinin keçirilməsi barədə qərar qəbul edilmişdi”, - bu beynəlxalq tədbirin təşkilində iştirak etmiş Günel danışır.

Günel “Sülh İnstitutu”nun təşkil etdiyi konfranslarından birində iştirak etmiş Finlandiyanın o vaxtkı prezidenti Tarya Halonenlə ünsiyyətdə olmaq imkanı qazandığını da xatırlayır.

Könüllülük niyə maraqlıdır?

“30 yaşadək özünə maksimum sərmayə yatırmaq lazımdır. Bu, heç də hər zaman böyük pul yatırımı demək deyil. Bəzən tale özü sənin qarşına gözlənilməz imkanlar çıxarır. Bəzən son dərəcə dəyərli təhsil proqramları pulsuz təqdim olunur. Bu cür imkanlardan imtina etmək cinayətdir”, - Günel deyir.

“Mənimçün könüllülük misli-bərabəri olmayan tərcübə oldu. Mübaliğəsiz deyə bilərəm ki, Aland adalarında keçirdiyim 1 il ərzində yeni insanlar, yeni mədəniyyət, bir sözlə dünya ilə tanış oldum, sərbəst yaşamağı, özümə, öz məişətim, əmin-amanlığım üçün məsuliyyət daşımağı öyrəndim.

Əməli şəkildə tolerantlığın nə olduğu hiss etdim. Səni bütün məzuniyyətlərinlə, heç bir qərəz olmadan qəbul edirlər. Başqa bir cəmiyyətdə problemlərin necə həll edildiyinin əyani surətdə şahidi oldum. Eyni zamanda, insanların təbiətə qarşı qayğıkeş münasibəti də məni heyran etdi. Amma yəqin ki, ən əsas qazancım uzun illər davam edən dostluq münasibətləridir”, - Günel deyir.

Azərbaycanlı gənclərə Günel məsləhət görür ki, bu cür imkanları qaçırmasınlar, belə ki, başqa bir ölkədə həyat təcrübəsi, həmçinin faydalı ictimai fəaliyyətlə məşğul olmaq, insanda gözüaçıqlıq, empatiya, özünü həyatının işinə həsr etmək, ətrafındakı dünyanı bir qədər yaxşılaşdırmaq səyləri kimi vacib keyfiyyətlər tərbiyə edir.

Aland adalarında keçirdiyi 1 il Günelin həyatında öz unudulmaz izini buraxıb. Bu səfər sonradan onun sosial istiqamətli müxtəlif könüllülük təşəbbüslərində fəal iştirakı üçün stimul rolunu oynayıb.

Vətənində Günel uşaq evlərindən olan uşaqlara dəstək verməyə davam edir, məktəblilərin mübadiləsi işində gənclər mərkəzlərinə kömək edir və hətta hazırda çalışdığı “Lu-Mun” holdinginin korporativ sosial məsuliyyət proqramı çərçivəsində Azərbaycanda kənd qadınları arasında kiçik sahibkarlığın dəstəklənməsində iştirak edir.

“Avropa Həmrəylik Korpusu” nədir?

“Avropa Həmrəylik Korpusu” – Avropa İttifaqının maliyyələşdirdiyi və 18-30 yaşlı gənclərə sosial istiqamətli layihələrdə könüllü kimi iştirak etmək imkanı verən çoxillik proqramdır. Proqramın məqsədi birlik və həmrəyliyə, fəal vətəndaş cəmiyyətinin qurulmasına dəstək verməkdir.

Digər Şərq Tərəfdaşlığı ölkələri ilə yanaşı Azərbaycan da 2007-ci ildə bu proqrama qoşulub. Ölkədə “Avropa Həmrəylik Korpusu”nda akkreditasiyadan keçmiş 6 gənclər təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlar gənc könüllüləri qəbul etmək və göndərmək hüququna malikdir. Onlardan ən fəalı “Sağlam Düşüncə” Gənclər Təşkilatıdır.

“Azərbaycanlı gənclər çoxsaylı müxtəlif könüllülük proqramlarından yararlana bilərlər. Bura ekologiya və sağlam həyat tərzindən tutmuş insan hüquqları və gender məsələlərinədək çoxşaxəli proqramlar daxildir. Bütün elanlar “Avropa Həmrəylik Korpusu”nun ümumi portalında yerləşdirilir. 18 yaşdan yuxarı hər kəs bu sayta daxil ola bilər. Bunun üçün sadəcə hesab yaratmaq lazımdır”, - “Sağlam Düşüncə” Gənclər Təşkilatının nümayəndəsi Ramiz Əliyev deyir.

“Könüllülük proqramlarının müddəti 2 həftədən tutmuş 1 ilədək dəyişə bilər. Nəqliyyat, qidalanma, yaşayış, sığorta və viza prosedurları daxil olmaqla, bütün xərcləri Aİ tərəfindən program çərçivəsndə qarşılayır. Bundan başqa, hər bir könüllü “cib xərcliyi” üçün müəyyən vəsait də alır. Bu məbləğ ölkəyə görə dəyişir”, - o əlavə edir.

Beynəlxalq mübadilələri çətinləşdirmiş koronavirus pandemiyası baş qaldıranadək, təkcə təşkilat hər il azı 70 gənc azərbaycanlı könüllünü Avropaya göndərirdi. Hazırda da bu prosess demək olar ki bərpa olunur.

Bu proqramda kimlər iştirak edə bilər?

Namizədlərin seçimi üzrə vahid tələblər mövcud deyil, Ramiz Əliyev deyir. Yeganə sərt meyar yaş məhdudiyyəti, həmçinin məqbul ingilis dili biliyi ilə bağlıdır. Qalan hər şey layihənin mövzusundan asılıdır. Məsələn, fermaya torpaqla işləməyi sevən möhkəm və dözümlü, uşaq bağçasına və ya gənclər mərkəzinə isə böyük səbr və empatiyaya sahib şəxs tələb oluna bilər.

“Sağlam Düşüncə” Gənclər Təşkilatı həm sosial şəbəkələr vasitəsilə onlayn, həm də universitetlərdə, gənclər mərkəzlərində və s. canlı məlumat sessiyaları keçirməklə maarifləndirmə işləri aparır. Ramiz Əliyevin sözlərinə görə, gənclərin diqqətini çəkmək üçün ən səmərəli üsul sosial şəbəkələrdir.

“Gənclərə böyük məlumat axınında düzgün istiqamətlənməyə kömək edir, onları istiqamətləndirir və konsultasiya edirik, hesabın açılmasında, ərizələrin hazırlanmasında və motivasiya məktublarının yazılmasında gənclər özləri individual işləməlidirlər. Könüllülük layihələrinə müraciət çox sadədir.

Həmçinin, saytımızda mütəmadi olaraq, bizim gənclər üçün maraqlı ola biləcək layihələr haqqında Azərbaycan dilinə tərcümə olunmuş məlumatlar paylaşırıq”, - o deyir.

Məsələn, yaxın 2 ay üçün Azərbaycandan olan gənclər üçün Polşada, Belçikada, Finlandiyada uzun müddətli və Xarvatiyada qısa müddətli könüllülük layihələri mövcuddur.

Finlandiya könüllülərə ekoloji təmiz qida məhsullarının yetişdirilməsi üzrə layihələrdə sınamağı təklif edir. Belçikada həyata keçirilən layihə incəsənətlə məşğul olan şəxslər üçün maraqlı olacaq. Polşa uşaq bağçalarında və gənclik mərkəzlərində könüllü vakansiyaları təqdim edir, Xorvatiyada isə kənd yerində yaşamaq, yerli mədəniyyət və adət-ənənələrlə tanış olmaq mümkündür.

Təqdim olunan imkanların tam siyahısı ilə “Avropa Həmrəylik Korpusu”nun portalında tanış ola bilərsiniz.

Fotoda: G. İsakova Aland adalarında, 2011-ci il.

Müəllif: Yelena Ostapenko

Məqalə “EU NEIGHBOURS east” layihəsi çərçivəsində hazırlanıb.

Paylaş:
2232

Sizin üçün xəbərlər

Son xəbərlər

Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilibBu gün, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdürBu gün, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıbBu gün, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıbBu gün, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadırBu gün, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEOBu gün, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edibBu gün, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAMBu gün, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52
Bütün xəbərlər