Azərbaycanlı olduğunu deyən fırıldaqçı 88 yaşlı ingilis qadının külli miqdarda pulunu mənimsədi - VİDEO
Dayana adlı 88 yaşlı britaniyalı qadın özünü azərbaycanlı kimi təqdim edərək ondan 36 min funt-sterlinq (təxminən 76 min manat) aldadan dələduzun qurbanı olub.
1news.az xəbər verir ki, öz hekayəsini BBC-nin efirində danışan Dayana qeyd edib ki, pandemiya zamanı sosial şəbəkələrdə özünü azərbaycanlı kimi təqdim edən, gəmidə mühəndis işləyən və ABŞ-da yaşayan Hilari Məmmədov adlı şəxslə tanış olub.
Britaniyalı qadının sözlərinə görə, H.Məmmədov ikili vətəndaşlığına - həm Azərbaycan, həm də ABŞ vətəndaşlığına malik olduğunu bildirib, onun bir milyon dolları olan bank hesabının Azərbaycanda bloklandığını bildirib.
Dayana deyir ki, o, üç ildir ki, bir kişi ilə virtual münasibətdə olub və İngiltərədə onu gözləyirmiş, çünki o, ona gələcəyini vəd etmiş, lakin sonra qəza keçirdiyini və müalicəsi üçün pula ehtiyacı olduğunu söyləyib. İngilis qadın dediyi pulu ona göndərib.
“Mən axmaq bir şey etdim, amma yenə də onu dəli kimi sevirəm. Bilmək istəyirəm ki, o, əsl şəxsdir, ya yox” deyən aldanmış britaniyalı virtual sevgilisinə verdiyi pulu bütün həyatı boyu yığıb yığdığını, bir neçə işdə işlədiyini qeyd edib.
BBC kanalı araşdırma aparıb, nəticədə məlum olub ki, H.Məmmədovun həm sosial şəbəkələrdəki profili, həm də pasportu saxtadır - öz növbəsində İTV kanalı da öz araşdırmasını aparıb və fotoları yayılan şəxsi tapıb.
Məlum olub ki, Faiq Məmmədov adlı şəxs azərbaycanlıdır - onun 38 yaşı var, ailəlidir və fotolarının bu şəkildə istifadə olunduğundan heç nə bilmir. “Şəkillər Instagram sosial şəbəkəsindəki səhifəmdən götürülüb. Baş verənlərlə mənim heç bir əlaqəm yoxdur, nə ingiliscə, nə də rusca danışıram”, – F.Məmmədov İTV-yə müsahibəsində deyir.