Elşad Hacıyev: “Taksi sürücüsünün azyaşlıya qarşı seksual hərəkətlər etməsi ilə bağlı iddialar əsassızdır”
Ötən gün Minval.az saytında taksi sürücüsünün 11 yaşlı oğlanı təhqir etməsi və ona qarşı seksual xarakterli hərəkətlər etməsi ilə bağlı məlumat yayılmışdı.
Belə ki, azyaşlının anası 34 yaşlı E.Q Yasamal rayonu 29-cu polis bölməsinə müraciət edərək, mayın 16-da saat 19:30-da 11 yaşlı oğlunu evə aparan “Uber”lə əməkdaşlıq edən taksi xidmətinin naməlum sürücüsü oğlunu təhqir edib, ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirib. Bəs görəsən bu iddialar əsaslıdırmı?
Məsələ ilə bağlı 1news.az-ın sorğusuna cavab verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, azyaşlının seksual hərəkətə məruz qalması ilə bağlı iddialar tamamilə əsassızdır.
“Daxil olan müraciət üzrə bütün müvafiq tədbirlər icra olunmaqla tam və hərtərəfli yoxlanılıb. Həmin şəxs barəsində hər-hansı inzibati icraat və cinayət icraatı aparılmayıb”.