Paytaxt məktəblərində “Şuşa İli” çərçivəsində tədbirlər davam edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində “Şuşa İli” çərçivəsində tədbirlər davam edir.
Bu barədə 1news.az-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Qüdrətinlə fəxr edirik, Azərbaycan!”, paytaxtdakı 56 nömrəli tam orta məktəbdə isə “Azad Şuşaya qayıdış" adlı tədbirlər keçirilib.
Tədbirlər Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxış edənlər Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyini, Şuşa şəhərinin azad edilməsinin müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldığını bildiriblər. Bununla yanaşı, Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açılıb.
Tədbirlərdə məktəblilərin ifasında milli musiqi nümunələri, muğamlar səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.