AQTA kolbasa və sosiska istehsalı müəssisəsində nöqsanlar aşkarlayıb – FOTO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M. Əliyev küçəsi 24/10, məhəllə 526/3 ünvanında fəaliyyət göstərən, “Delikat” MMC-yə məxsus kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində apardığı planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkar olunub.
AQTA-dan 1news.az-a verilən məlumata görə, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllığa və mal qonşuluğu prinsipinə riayət olunmadığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, məhsulların markalanmasında istifadə olunan etiket məlumatlarının reseptura ilə uyğunsuzluq təşkil etdiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən edilib.
Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Müayinələrin aparılması üçün istehsal olunmuş məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Araşdırmalar davam edir.