“Location” klubda partlayışda ağır yanıq xəsarətləri alan Aysel Şükür təzminat tələb edir - VİDEO
Aprelin 3-də Bakının mərkəzində, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” gecə klubunda partlayış baş verib.
Nəticədə bir nəfər ölüb, 37 nəfər xəsarət alıb, onlardan üçü daha sonra xəstəxanalarda ölüb. Hadisə nəticəsində 14 avtomobilə, 1 mənzilə və 2 qeyri-yaşayış sahəsinə də ziyan dəyib.
Partlayış zamanı klubda olanlar arasında ağır yanıq xəsarətləri alan blogger Aysel Şükürova “Location” sahiblərindən baş verənlərə görə təzminat almaq niyyətindədir.
1news.az xəbər verir ki, bu barədə A.Şükür “İnstagram” sosial şəbəkə hesabında məlumat verib. A.Şükürün paylaşımı təqdim edirik:
“Deməli uzun müddətdir bu barədə açıqlama vermək istəyirdim. Bədənimin müxtəlif yerləri partlayışda yanıb, əsas da ayaqlarım. Uzun müddətdir ki, Medera klinikasında müalicə almışam. Amma klub rəhbəri Elşən mənə dəymiş ziyanı qaytarmır. Nə yanğında itən telefonlarımın pulunu, nə də xəstəxana xərclərimi vermirlər. Təkcə mənim yox, nə qədər şikayətçi var onlardan heç kimin pulunu vermirlər! Yalandan mənə dedilər 15 gün möhlət verin, artıq 1 ayı keçib. Lazımı yerlərə şikayət vermişəm. İnşallah layiqi cəzaların taparlar. Mənim 2 telefonum yanğın zamanı yanıb plusda bədənim. Axırda mənə açıq şəkildə bəyan etdilər ki, get hara istəyirsən şikayət elə. Mənə dəymiş ziyanı qarşılamaq istəmirlər” – deyə, o bildirib.