Vüqar Rəhimzadə: Azərbaycan bundan sonra da möhtəşəm uğurları, dünya birliyində artan rolu ilə diqqətdə olacaq
“Bu gün beynəlxalq və dövlətlərarası münasibətlərdə inam, etimad, etibarlılıq başlıca amildir. Bu faktı təkrarən də olsa qeyd etməliyik ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqət və marağında olub.
Lakin tarixə qısa nəzər saldıqda bu marağın ayrı-ayrı dövrlərdə fərqliliyinin şahidi olarıq. Müstəqilliyimizn ilk illərində ölkəmizdə xaosun, anarxiyanın özbaşınalığın mövcudluğu Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, transmilli şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu. Lakin ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə yaradılan sabitlik bütün bu tərəddüdləri aradan qaldırdı. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana inamı və etimadı daha da artırdı. Bu proses sonrakı sazişlərin imzalanmasında özünü təsdiqlədi.”
1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri. siyasi elmlər doktoru Vüqar Rəhimzadə ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubuna münasibət bildirərkən söyləyib.
Vüqar Rəhimzadə qeyd edib ki, ABŞ Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, ölkəmizlə əlaqələrin müxtəlif istiqamətlərdə inkişafında maraqlı olduğunu bəyan edir: “ABŞ Prezidentinin son iki məktubunda yer alan fikirlər bunu bir daha təsdiq edir. İstər 28 May-Müstəqillik Günü, istərsə də Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışı münasibətilə dövlət başçısı İlham Əliyevə ünvanlanan məktublarda ABŞ-la ölkəmiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illik dövrünə nəzər salınır. Bu əminlik ifadə edilir ki, transmilli təhdidlərlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Dövlət başçısı İlham Əliyev də öz növbəsində sərgidəki nitqində enerji siyasətimizin və fəaliyyətimizin bütün mərhələlərində Azərbaycana hər zaman böyük dəstək verən ABŞ hökumətinə təşəkkürünü ifadə etmişdir. Azərbaycanın dövlətləri, xalqları birləşdirən layihələrin təşəbbüskarı kimi çıxış etməsi və onların uğurlu sonluqla başa çatması üçün göstərdiyi səylər, ikitərəfli və çoxtərəfli əməkdaşlığa böyük önəm verməsi ABŞ hökuməti tərəfindən daim diqqətlə izlənilir. ABŞ Prezidentinin sözügedən məktubunda da bu məqamlar xüsusi qeyd edilir. Bildirilir ki, bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə ABŞ həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərini yerinə yetirmək məqsədilə zəruri tədbirlər həyata keçirir. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaqda şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Azərbaycan, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.”
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ABŞ Prezidentinin məktubunda yer alan hər bir fikir Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlara işıq salmaqla yanaşı, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri rolunun təqdimatıdır: “Təbii ki, bu uğurlara yol açan dövlətimizin düşünülmüş və məqsədyönlü müstəqil siyasətidir. Enerjiyə olan daxili tələbatını tam şəkildə ödəyən Azərbaycan dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələri, gündəmə gətirdiyi yeni layihələri uğurlu icrası ilə dünyanın enerji xəritəsini yenidən tərtib edib. Çoxtərəfli əməkdaşlığın göstəricisi kimi Cənub Qaz Dəhlizinin 2020-ci ilin 31 dekabr tarixində tam şəkildə uğurla başa çatması, bu layihənin sonuncu tərkib hissəsi olan TAP-ın istifadəyə verilməsi həm ölkəmizin, həm də iştirakçı dövlətlərin iqtisadi və siyasi həyatında yeni mərhələnin əsasını qoydu. Dövlət başçısı İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimindəki nitqində də Azərbaycanın artıq özünü etibarlı ölkə olaraq təsdiq etdiyini, öz öhdəliklərinə hörmətlə yanaşdığını təsdiqləyib. Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatların mənimsənilməsi və hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir sözün belə dəyişdirilmədiyini xüsusi vurğulayan ölkə Prezidenti bunu mövqeyimizin təzahürü, öhdəliklərimizə hörmətlə yanaşmağımızın təsdiqi kimi dəyərləndirərək tərəfdaşlarımızdan da öz öhdəliklərinə hörmət etməyi gözlədiyimizi bildirmişdir.”
Vüqar Rəhimzadə bildirib ki, ABŞ Prezidenti Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı uğurlara imza atmasından məmnunluğunu ifadə edərək dövlətimizin başçısının yürütdüyü siyasəti alqışlayır: “Bu nöqteyi-nəzərdən belə bir əminlik də ifadə edilir ki, Amerika Birləşmiş Ştatları ölkəmizlə davamlı tərəfdaşlığa və əməkdaşlığa sadiqdir. Nəzərə alaq ki, tarixi Zəfərimizin fonunda regionda və dünyada yeni siyasi mənzərə formalaşıb, diktə edən tərəf kimi Azərbaycanın artan mövqeyi hər addımda özünü təsdiqləyir. Şübhə yoxdur ki, müstəqil siyasəti ilə bütün dünyada qalib Azərbaycan kimi tanınmasına yol açan dövlətimiz xarici siyasətinin prinsiplərinə sadiqliyi ilə bundan sonra da möhtəşəm uğurları, dünya birliyində möhkəmlənən yeri və rolu ilə diqqətdə olacaq.”