Xəzər dənizdə qanunsuz ov edən şəxslər saxlanıb - FOTO
Xəzər dənizdə qanunsuz ov edən şəxslər saxlanıb.
Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən daxil olan məlumatda bildirilir.
Məlumata əsasən iyunun 5-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş Komanda-nəzarət mərkəzinə Xəzər dənizinin mərkəzi istiqamətində kiçik həcmli üzmə vasitəsinin günün qaranlıq vaxtında rejim qaydalarını pozması və qanunsuz fəaliyyətlə məşğul olması barədə məlumat daxil olmuşdur.
Naməlum qayığın axtarışı və saxlanılması məqsədi ilə dövlət sərhədinin mühаfizəsində olan sərhəd gəmisi dərhal həmin istiqamətə göndərilmiş və texniki müşahidələr gücləndirilib. Həyata keçirilmiş tədbirlər nəticəsində Bəndovan reydində sahildən 21 mil məsafədə aşkarlanan qayığın təqibi zamanı içərisindəki 2 nəfərin dənizə şübhəli əşyalar atmaları müşahidə edilib.
Sərhəd gəmisi tərəfindən qayıq saxlanılmış, "QO-1505" bort nömrəli üzmə vasitəsini qeyri-qanuni idarə edən şəxslərin Neftçala rayon sakinləri, 1975-ci il təvəllüdlü Süleymanov Ağakişi İrəvan oğlu və 1978-ci il təvəllüdlü Manafov Firdovsi Səmədağa oğlu olmaları müəyyən edilib.
Dənizə atılmış əşyaların axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində ərazidə aşkar edilmiş 3 bağlamaya baxış zamanı ümumilikdə 2700 ədəd qanunsuz balıq ovlama vasitəsi olan qarmaq, müxtəlif növ spirtli içkilər, ətriyyat aşkarlanaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri dаvаm еtdirilir.