Ağır xəstə olan ata və övladlarının maddi dəstəyinizə ehtiyacı var! – KÖMƏYƏ ÇAĞIRIŞ | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağır xəstə olan ata və övladlarının maddi dəstəyinizə ehtiyacı var! – KÖMƏYƏ ÇAĞIRIŞ

13:45 - 13 / 06 / 2022
Ağır xəstə olan ata və övladlarının maddi dəstəyinizə ehtiyacı var! – KÖMƏYƏ ÇAĞIRIŞ

Bir ailə təsəvvür edin, həm ata, həm də övladları ciddi xəstəlikdən əziyyət çəkirlər. Ailənin bütün yükü isə ananın çiyinlərindədir.

Ailənin üzləşdiyi çətin durumu gəlin elə biçarə ananın öz dilindən eşidək.

Elnarə Cəfərova 1news.az-a bildirib ki, bir il əvvəl həyat yoldaşı, 1977-ci il təvəllüdlü İlqar Cəfərovun ağciyərində şiş aşkar olunub. Maddi imkanları aşağı olduğu üçün onu əməliyyat etdirə bilməyiblər:

“Bu xəstəlik İlqarda düz bir ildir ki, tapılıb. Keçən ilin əvvəllərində kürəyindəki ağrılardan şikayət etməyə başladı. Həkimə apardıq, müayinələrdən sonra ağciyərində şiş, yəni xərçəng xəstəliyi olduğu məlum oldu. Şiş ciyərini sıxdığı üçün ağrı verir. Əməliyyat üçün 8 min manat istədilər. Lakin maddi imkanımız çox aşağı olduğu üçün əməliyyat etdirə bilmədik.

Ağrıları getdikcə şiddətlənir. Hər gün ağrıkəsici iynələr vurmalı oluruq. Gözümün qabağında əziyyət çəkir, imkanım yoxdur deyə heç nə edə bilmirəm”.

Elnarə xanım qeyd edir ki, övladlarından ikisi isə dəri xəstəliyindən əziyyət çəkir:

“Üç uşağım var, biri qız, ikisi oğlandır. Böyük oğlumun 24, kiçik oğlumun 20 yaşı var. İkisi də anadangəlmə dəri xəstəliyindən əziyyət çəkir. Əl və ayaq dəriləri tökülür. Xəstəliklərinə çarə tapılmayıb.

Əvvəllər pensiya alırdılar, iki il əvvəl onu da kəsdilər. İmkanım çatanda yüngülvari dərmanlar alıram ki, bir az yaxşı olsunlar, çatmayanda da eləcə qalırlar, əziyyət çəkirlər.

Bir tərəfdən yoldaşımın xəstəliyi, bir tərəfdən uşaqlarımın vəziyyəti... Təkcanıma işləyirəm, çatdırmaq olmur. Heç olmasa, yoldaşım sağalsa, birtəhər dolana bilərik”.

Çarəsiz qalan ana yardımsevər insanlara üz tutaraq onlara köməklik göstərmələrini xahiş edir:

“Xahiş edirəm, bizə kömək edin. Yoldaşım gözümün qabağında ölür, heç nə edə bilmirəm. Özüm də üç il əvvəl əməliyyat olunmuşam. Mənim də səhhətimdə problemlər var. Lakin həm yoldaşım, həm də övladlarım xəstə olduqları üçün işləməyə məcburam”.

Çox ümid edirik ki, biçarə ananın səsinə səs verən xeyirxah insanlar tapılacaq. İ.Cəfərovun adına Kapital Bankda açılan 4169-7413-3621-3267 nömrəli bank hesabına pul köçürməklə ailəyə maddi dəstək ola bilərsiniz. Bundan başqa kömək üçün aşağıdakı nömrə ilə də əlaqə saxlaya bilərsiniz:

İlqar: (050) 397-27-67

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər