İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən. xəbər verir ki, görüşdə dövlətimizin başçısı Azərbaycana səfərinə və Qlobal Bakı Forumunda iştirak etdiyinə görə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoruna təşəkkürünü bildirdi. Azərbaycan Prezidenti COVID-19-a qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana verdiyi tövsiyələrin və ölkəmizlə əməkdaşlığın yüksək qiymətləndirildiyini qeyd etdi.
Tedros Adhanom Qebreyesus Azərbaycana səfərindən məmnunluğunu bildirdi və COVID-19-a qarşı uğurlu mübarizənin aparılmasına, ölkəmizin bu sahədə milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyətə görə təbriklərini çatdırdı, eyni zamanda, pandemiya dövründə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi könüllü maliyyə töhfələrinə və dəstəyinə görə təşəkkürünü bildirdi.
Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Ümumdünya Səhiyyə Təşkilatının sıx əməkdaşlıq etdiyini və Anlaşma Memorandumunun imzalandığını vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanda COVID-19 ilə bağlı vəziyyətin çox yaxşı olduğunu, yoluxma sayının ən aşağı səviyyəyə düşdüyünü, vəziyyətin tam nəzarətdə saxlanıldığını, əksər məhdudiyyətlərin aradan qaldırıldığını və normal həyata qayıdıldığını qeyd etdi. Azərbaycan Prezidenti COVID-19-a qarşı mübarizə aparılmasına dair dövlətimizin siyasətinin vətəndaşlar tərəfindən böyük etimadla qarşılandığını və əhalinin pandemiya ilə mübarizə qaydalarına riayət etməsini məmnunluqla bildirdi. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərimizdə səhiyyə infrastrukturunun qurulması layihələri ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın vacibliyini qeyd etdi.
Tedros Adhanom Qebreyesus Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi uğurlara görə bir daha təbriklərini çatdırdı.
***
Saat 15:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
1news.az bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.