Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
1news.az xəbər verir ki, mərasimdə təhsil nazirinin müavini Muxtar Məmmədov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşavirləri Elnur Nəsibov və Rüstəm Ağayev, BANM-ın rektoru Elmar Qasımov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, millət vəkilləri, universitet rektorları, Təhsil Nazirliyi və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, qalib adını qazanan məktəblərin komandaları və KİV təmsilçiləri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları Bakı Elm Olimpiadasına həsr olunan videoçarxı izləyiblər.
Mərasimdə çıxış edən təhsil nazirinin müavini M.Məmmədov bildirib ki, intellektual, elmi bilik və bacarıqlara sahib, geniş dünyagörüşlü, vətənpərvər ruhlu yeni nəsil yetişdirmək, olimpiada hərəkatını genişləndirmək Azərbaycan təhsilinin qarşıya qoyduğu ən vacib prioritetlərdəndir. Təhsil Nazirliyinin bu istiqamətdə ciddi addımlar atdığını qeyd edən nazir müavini olimpiada, müsabiqələrin keçirilməsinin şagirdlərin bilik və bacarıqlarının inkişafına, onların təlimə motivasiyasının yüksəldilməsinə, həmçinin şagirdlərdə özlərinə inam hissinin artırılmasına yardımçı olduğunu söyləyib.
BŞTİ-nin müdiri M.Vəliyeva Bakı Elm Olimpiadası haqqında danışarkən bildirib ki, məqsəd şagirdlərin təbiət elmlərinə olan marağını daha da artırmaq, bu sahədə XXI əsr təməl bacarıqlarını təkmilləşdirmək, nəzəri biliklərin təcrübədə tətbiqinə və komandada işləmək vərdişlərinin inkişaf etdirilməsinə şərait yaratmaqdır.
Bakı Elm Olimpiadasında əsas meyarın bacarıqların ölçülməsindən ibarət olduğunu söyləyən İdarə müdiri olimpiadanın, həmçinin şagirdlərin kommunikasiya qurmaq, yaradıcı düşüncəyə yönəlmək, praktik və yaradıcılıq imkanlarının üzə çıxarılmasına yol açdığını bildirib.
M.Vəliyeva məktəblilərə elmi-tədqiqat laboratoriyalarında nəzəri biliklərin praktik tətbiqi sahəsində özlərini sınamaq imkanı yaratdığına görə BANM rəhbərliyinə təşəkkürünü bildirib.
BANM-ın rektoru E.Qasımov Bakı Elm Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edib. Rektor belə olimpiadaların yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərin aşkara çıxarılmasına, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşmasına müsbət təsir göstərdiyini bildirib.
BANM-ın kimya mühəndisliyi fakültəsinin III kurs tələbəsi, təhsil ocağının “Texnofest-2022“-də qalib olmuş “Atəşgah” komandasının üzvü Faiq Əliyev çıxış edərək Olimpiada qaliblərinə elm, bilik yollarında daha böyük uğurlar arzulayıb. Onlara öz elmi bacarıqlarını inkişaf etdirmək, qarşıya qoyduqlarını məqsədə çatmaqda əzmkarlıq göstərməyi tövsiyə edib.
Daha sonra Olimpiadanın qızıl, gümüş və bürünc mükafatçılarına medallar təqdim olunub, həvəsləndirici yerlərə layiq görülən məktəblilər, eyni zamanda təşkilat komitəsinin üzvləri diplom və hədiyyələrlə təltif ediliblər.
Tədbirdə şagirdlərin Bakı Elm Olimpiadasında iştirakına dair hazırladıqları kompozisiyalar təqdim olunub.