Qarabağ Dirçəliş Fondu Azərbaycan banklarının rəhbərləri ilə Şuşada işgüzar görüş təşkil edib - FOTO
21 iyun 2022-ci il tarixində Şuşa şəhərində Qarabağ Dirçəliş Fondu və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda işgüzar görüş keçirilib.
1news.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi və ölkənin aparıcı banklarının rəhbərləri iştirak edib.
Tədbirdə qonaqları salamlayan Aydın Kərimov, Məftun Abbasov, Rəhman Hacıyev və Zakir Nuriyev belə görüşlərin keçirilməsinin Qarabağın investisiya potensialının təbliği, eləcə də işğaldan azad edilən ərazilərdə dövlət-özəl tərəfdaşlığının inkişafı və təşviqi baxımından faydalı ola biləcəyini xüsusi vurğulayıblar.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxışı zamanı Şuşa şəhərinin Qarabağda həm yerli, həm də beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün vacib məkana çevrildiyini bildirib. Daha sonra qonaqlara Şuşada görülən cari işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat təqdim edilib.
Görüşdə çıxış edən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qeyd edib ki, dövlət başçısının müvafiq tapşırığına uyğun olaraq şəhərdə bərpa işləri ilə yanaşı, müasir infrastrukturun və binaların inşası, şəhərin tarixi görünüşün qaytarılması istiqamətində işləri sürətlə davam etdirilir. M.Abbasov Şuşanın Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı seçilməsinin, tarixi Şuşa Bəyannaməsinin imzalanmasının, Dünya Azərbaycanlılarının V Qurultayının və bir sıra yerli və beynəlxalq tədbirlərin Şuşada keçirilməsinin cənab Prezidentin Şuşa şəhərinə diqqət və qayğısının bariz nümunəsi olduğunu xüsusi vurğulayıb.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun və ABA-nın birgə təşkilatçılığı ilə baş tutan bu tədbirin dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi, cəmiyyətin müxtəlif təbəqələri ilə yanaşı maliyyə və bank sektorunun Qarabağın bərpası və yenidən qurulması prosesinə cəlb olunması, burada investisiya potensialının təhlili və icra mexanizmləri ilə bağlı müzakirələrin aparılması üçün xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun qazandığı tarixi qələbədən sonra ölkəmizin qarşısında dayanan məsələlərdən və 30 ildən sonra möhtəşəm zəfərin nəticəsi olaraq yaranan yeni reallıqlardan danışan Rəhman Hacıyev bildirib ki, Şuşada aparılan bərpa-quruculuq işləri göstərir ki, qısa zaman ərzində bu ərazilərdə normal həyat bərpa olunacaq. “Böyük Qayıdış” prosesində əhalinin sosial rifahının yüksəldilməsi və bu ərazilərin nəhəng iqtisadi potensialından istifadə etməklə biznes imkanlarının stimullaşdırması əsas prioritet istiqamətlərdəndir.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev qeyd edib ki, işğaldan azad edilən ərazilərimizdə maliyyə-bank sisteminin bərpası üzrə müzakirələrə başlanılıb və təkliflər planının hazırlanması istiqamətində işlər aparılır. “Bugünkü görüş işğaldan azad edilən ərazilərdə bank-maliyyə xidmətlərinin təmin edilməsi, burada biznes imkanlarının stimullaşdırmasında bankların rolunun müzakirəsi üçün yaxşı platformadır - deyə Z.Nuriyev əlavə edib.
Görüşdə bank sektorunun çevikliyi, rəqabətqabiliyyətliliyi və innovativliyini nəzərə alaraq ianə mədəniyyətinin təşviqi, “Böyük Qayıdış” prosesində əhalinin sosial rifahının yüksəldilməsi və biznes imkanlarının stimullaşdırmasında bankların rolu, Şuşanın resurs və infrastrukturuna əsaslanan investisiya və işgüzar potensialının təhlili, Qarabağda dövlət-özəl sektor tərəfdaşlığının imkanları, Qarabağda mədəni-tarixi abidələrin bərpası məsələləri müzakirə olunub.
Müzakirələr zamanı bank rəhbərləri tərəfindən Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Banklar Assosiasiyasının iştirakı ilə Şuşada və Qarabağda dövlət-özəl tərəfdaşlığının stimullaşdırılması və birgə fəaliyyətinin davam etdirilməsi istiqamətində təhlillər aparılması ilə bağlı təkliflər səsləndirilib. Eyni zamanda bank nümayəndələri Şuşa şəhərində infrastruktur layihələri, mədəni, tarixi və dini abidələrin konservasiyası və bərpası layihələrinə dəstək göstərmək niyyətində olduqlarını bildiriblər.
Görüşün sonunda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev ianə edərək Qarabağın dirçəlişi kimi mühüm missiyanın növbəti iştirakçılarına çevrilən “Azərbaycan Sənaye Bankı” ASC və “Naxçıvanbank” ASC-yə “İanə Sertifikatı”, “Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda işgüzar görüşün ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə isə Azərbaycan Banklar Assosiasiyasına “Təşəkkür Sertifikatı” təqdim edib.
Qeyd olunmalıdır ki, “Azərbaycan Sənaye Bankı” ASC 100 min manat, “Naxçıvanbank” ASC isə 55 min manat Fonda ianə edib.
Tədbirdən sonra Şuşa şəhərinin tarixi-mədəni obyektləri ilə tanışlıq məqsədilə tədbir iştirakçılarının ekskursiyası təşkil olunub.