Qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması istiqamətində reydlər davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1news.az-a verilən məlumata görə, agentliyin müfəttişləri tərəfindən Bərdə Rayon İcra Hakimiyyəti və DİN-nin əməkdaşları ilə birgə Bərdə rayonunun ərazisində aparılmış reydlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan, baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi bir sıra məntəqələr aşkar edilib. Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə zəruri məlumatlar verilib.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanuna zidd fəaliyyətdən yayınmağa çağırır.
1news.az