İnsan Hüquqları üzrə Avropa Məhkəməsində “Məhkəmə İli 2022”-yə həsr olunmuş tədbir keçirildi - FOTO
Cari ilin iyun ayının 24-də Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin binasında Avropa Şurasının 46 üzv dövlətinin Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi sədrlərinin iştirakı ilə “2022-Məhkəmə İli”nin açılış mərasimi keçirildi.
Pandemiya zamanı tətbiq olunan məhdudiyyətlər səbəbindən həmin tədbir ilin əvvəli yerinə iyun ayında keçirilməli oldu.
Azərbaycan Respublikasını həmin tədbirdə Konstitusiya Məhkəməsinin sədri cənab Fərhad Abdullayev və Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev təmsil etmişlər.
Açılış mərasimindən öncə Avropa Məhkəməsinin hakimlərinin və Avropanın tanınmış alimlərinin iştirakı ilə “Pandemiya dövründə insan hüquqlarının müdafiəsi: yeni çağırışlar və perspektivlər” adlı seminar keçirildi, maraqlı fikirlər və çıxışlar dinlənildi.
Avropa Şurasının Nazirlər Komitəsində sədrlik etmiş Yunanıstan dövlətinin Prezidenti Zati-aliləri xanım Katerina Sakellaropoulou “Məhkəmə İli 2022” açılış mərasimində çıxış etmişdir. İclasda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri cənab Robert Spano üzv dövlətlərin məhkəmələrində mövcud olan çatışmazlıqlardan, qarşıda duran vəzifələrdən danışdı. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Komissarı xanım Dünya Mijatoviç çıxış edərək Avropa məkanında insan hüquqlarının vəziyyəti barədə məlumat verdi.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədrinin dəvəti ilə “Məhkəmə İli 2022” açılış mərasimində Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı iştirak etmişdir.