Sumqayıtda qadını avtobusdan təpiklə itələyən şəxs saxlanılıb? - Elşad Hacıyevdən AÇIQLAMA - VİDEO
"Sumqayıt şəhərində polis tərəfindən avtobus sürücüsünün saxlanılması ilə bağlı yayılan məlumatlar əsassızdır".
1news.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
"Müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir" - E.Hacıyev əlavə edib.
Qeyd edək ki, hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başına vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb.
İlkin məlumata görə, hadisə sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə görə baş verib. Qadın yüngül xəsarət alıb. Hazırda vəziyyəti yaxşıdır.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində təhqiqat araşdırmaları aparılır.