Azərbaycanın quru sərhədləri niyə bağlıdır? - Deputat açıqladı
"Quru sərhədlərinin bağlı qalması dövlətimizin, vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlıdır”.
1news.az xəbər verir ki, bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, sərhədlərin açılması üçün dünyada baş verən hadisələr götür-qoy edilir:
"Quru sərhədləri məsələsi dövlət əhəmiyyətli bir problemdir. Dövlətimizin, vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlı olan məsələdir. Hamımız arzu edirik ki, quru sərhədlərimiz tez açılsın. Bu, gediş-gəliş üçün çox problemlər yaradır. Ona görə də, zərər verən bir prosesdir. Ancaq dünyada baş verən müəyyən hadisələr var: Bu həm pandemiya ilə həm də başqa məsələlərlə bağlıdır. Yəqin ki, dövlət bunların hamısını nəzərə alır, götür-qoy edir və buna uyğun lazım olan tədbirləri görür. Doğrudur, gediş-gəliş çətinləşib, bir çox problemlər yaranıb, amma təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirmək lazımdır. İndi Gürcüstanda da, Türkiyədə də yeni yayılan xəstəliyin işarələri artıb. Meymunçiçəyi deyirlər, nə deyirlər, hesab edirəm ki, bunlarla bağlıdır”.
Deputat onu da qeyd edib ki, yaxın vaxtlarda quru sərhədlərinin açılması gözlənilir:
"Mən bu sahənin səlahiyyətli şəxsi deyiləm ki, dəqiq söz deyəm, mən də yayılan məlumatlara əsasən söz deyirəm. İndi gözlənilir ki, yaxın vaxtlarda quru sərhədləri açılmalıdır. Biz də gözləyək, görək nə olur”.