Bakıda 10 il əvvəl baş vermiş cinayət işinin istintaqı tamamlanıb
10 oktyabr 2012-ci il tarixdə Axundov Cəfər Məmmədmehti oğlunun avtomobildə meyitinin aşkar edilməsi faktına dair cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb.
Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, Şirinov Zöhrab Şirin oğlu 10 oktyabr 2012-ci il tarixdə tanışı Cəfər Axundovun narkotik sərxoşluğu vəziyyətinə düşməklə müqavimət göstərmək imkanından məhrum olunduğunu görüb aralarında əvvəllər şəxsi münasibətlər zəminində baş vermiş mübahisəni bəhanə edib Cəfər Axundovun həyatı üçün vacib orqanlarının yerləşdiyi qarın və sinə nahiyələrinə təpiklə zərbələr vurmaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürmüş, daha sonra törətdiyi cinayəti gizlətmək və öz əcəli ilə ölməsi görüntüsünü yaratmaq məqsədilə Cəfər Axundovun meyitini avtomobilin arxa oturacağına qoymaqla Yasamal rayonu, “Qurd qapısı” adlanan ərazinin yaxınlığında yerləşən qəbiristanlığa aparıb cibinə şpris və içərisində narkotik vasitə izləri olan şüşə dərman qabını yerləşdirməklə oradan uzaqlaşıb.
Zöhrab Şirinova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.