“Qərbi Azərbaycanda ermənilər 3500 tarix və mədəniyyət abidələrimizi tamamilə yox ediblər” - Ekspert | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qərbi Azərbaycanda ermənilər 3500 tarix və mədəniyyət abidələrimizi tamamilə yox ediblər” - Ekspert

17:30 - 08 / 07 / 2022
“Qərbi Azərbaycanda ermənilər 3500 tarix və mədəniyyət abidələrimizi tamamilə yox ediblər” - Ekspert

İrəvan şəhərinin tarixini özündə əks etdirən Təpəbaşı məhəlləsi (ermənilər Kond adlandırırlar) İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış və azərbaycanlıların mədəni irsinin sübutu olaraq qalan yeganə tarixi nümunədir. Bu yer öz yaddaşında İrəvanın XVII əsrdən müasir dövrümüzə qədər olan tarixi kodunu daşımaqdadır.

Tarixən azərbaycanlıların yaşadığı və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsinin günümüzdə məhv olmaq və Yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qaldığını görən Azərbaycanın elm və ictimaiyyət xadimləri Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı həyata keçirilən soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar.

Həmin müraciəti edənlərdən biri də Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılovdur. O, 1news.az-a açıqlamasında Təpəbaşı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə törədilən erməni vandalizmindən danışıb:

"İşğaldan azad olunmuş Azərbaycan ərazilərində erməni vandalizminə hər addımda, hər kol dibində, hər döngədə, hər yaşayış məntəqəsində rast gəlinir. Yəni onların toxunmadığı, tərpətmədiyi mədəni irs nümunəmiz yoxdur. Onlar İslam dövrü abidələrimiz olan türbələri, məscidləri, qəbiristanlıqları, qəbirüstü abidələri, baş və sinə daşlarını tamamilə məhv etməklə, xristianlığa qədər və xristianlıqdan sonrakı dövrü abidələrini isə mənimsəməklə və dünyada bunun təbliğatını etməklə məşğul olurlar.

Mənim hesablamalarıma görə, işğaldan azad edilmiş ərazilərdə 2645 tarix və mədəniyyət, 1884 memarlıq, 749 arxeoloji və 64 monumental heykəltəraşlıq abidələri var ki, bunlar ya ermənilər tərəfindən birdəfəlik məhv edilib, ya da ki mənimsənilməsinə cəhd göstərilib. Azərbaycan ərazilərində Azərbaycan mədəni irsinin mənimsənilməsi erməni dövlət siyasətinin tərkib hissəsi olub və bugünkü gündə də onlar bu təbliğatdan əl çəkmirlər. Bundan əlavə, ermənilər tərəfindən etnik təmizləməyə məruz qoyularaq xarabalığa çevrilən Azərbaycan kəndlərində erməni kilsələri də tikilib. 10 mindən çox xaç daş nümunələrini turizm üçün əhəmiyyətli ərazilərdə, yol kənarlarında, bulaq ətraflarında qurublar".

Qərbi Azərbaycanda yerləşən tarixi abidələrimizin məhv edilməyindən danışan sədrin sözlərinə görə, indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycanda ermənilər 3500 tarix və mədəniyyət abidələrimizi tamamilə yox ediblər:

"İndiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycanda ermənilər 3500 tarix və mədəniyyət abidələrimizi tamamilə yox ediblər. Biz onların bəzilərinin izlərinə rast gəlirik. Burada çox cüzi sayda xristian dövrü və Alban dövrü abidələri hesab etdiyimiz xristianlığa qədər dövr abidələri salamat qalıb. Burada 391 məscid olub ki, onlardan təxminən 35-i İrəvan və onun ətraf ərazilərində yerləşirdi. Bu yaxınlarda aşkar edilən Təpəbaşı məhəlləsi pis vəziyyətdə olsa belə, bizim xeyli sayda mədəni irs nümunələrimizin salamat qalmağı təəccüb və heyrət doğurmuşdu.

Bundan əlavə mənim keçən il də bir araşdırmam olmuşdu. İrəvanın mərkəzi küçələrinin birində Sərdar məscidinin bir korpusu hələ də durur. Bu korpus sovetlər dövründə Ermənistan Abidələri Mühafizə Cəmiyyətinin binası olub. Həmin abidənin həm xarici görkəmindəki, həm də daxilindəki ornamental nümunələr və rəsm əsərləri bgünədək olduğu kimi qalıbdır. Yəni İrəvanda bunun kimi nümunələrə rast gəlmək mümkündür".

Hazırda tarixi-mədəni irsimizi qorumaqla bağlı beynəlxalq təşkilatlara müraciətlər etməkdən başqa bir yol olmadığını söyləyən F.İsmayılov beynəlxalq təşkilatların, xüsusən də UNESCO-nun bu məsələni diqqətdə saxlamalı olduğunu qeyd edib:

"Faktiki olaraq oradakı abidələrimiz haqqında yalnız fikir bölüşə bilirik və bu cür beynəlxalq təşkilatlarına müraciətlər edə bilirik. Bu birbaşa beynəlxalq təşkilatların və UNESCO-nun maraq dairəsində olmalıdır. Bu abidələrin toxunulmazlığı onların konvensiyalarında təsbit olunub. Abidələrin məhv edilməsi UNESCO və BMT-nin məramına və nizamnamələrinə hörmətsizlikdir. Bu baxımdan bizim görə biləcəyimiz işlər yalnız beynəlxalq təşkilatları hərəkətə gətirmək və bu istiqamətdə ciddi çalışmaqdır ki dağıdılmayan nümunələrə baxış keçirilsin və o abidələrin salamat qalmağında bizə kömək edilsin. Azərbaycanın işğal olmuş torpaqlarımıza gəlincə, bu ərazilər bərpa olunsa belə, erməni vandallığının izlərini mütləq şəkildə qoruyub saxlayacağıq ki, bunu gələcək nəsillərə də göstərə bilək. Həmçinin ölkəyə gələn xarici turistlərə bu vandalizm izlərini göstərməklə də Azərbaycan həqiqətlərini təbliğ edə bilərik".

Ayşən İsmayılova

Paylaş:
783

Son xəbərlər

Bütün xəbərlər