Təbiətə 34 min manatdan çox ziyan dəydi, sənədlər Baş Prokurorluğa göndərildi
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nərimanov, eləcə də Bərdə, Ağdam və Balakən rayonlarında ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 34330 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən 1news.az-a verilən məlumata görə, faktlarla bağlı, “Leyla Medical Center” Klinikası, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi, həmçinin fiziki şəxslər Bərdə rayon sakini Yaqub Nəbiyev, Ağdam şəhər sakini Vəli Əfəndiyev və Balakən rayon sakini Məhərrəm Cəlilov barəsində akt tərtib edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.