Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb - FOTO
Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 15-də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin önündə tədbir keçirilib.
1news.az xəbər verir ki, əvvəlcə tanınmış şairlərin Qarabağ mövzusunda şeirləri səsləndirilib.
Sonra gənc şairlərin “Yeni nəfəs” layihəsi üzrə çıxışları olub.
Beləliklə, Qarabağ torpağında yenidən şeir, qəzəl sədaları yayılıb, muğam səslənib. Qədim Azərbaycan torpağı Şuşa növbəti dəfə unudulmaz mədəniyyət tədbirinə ev sahibliyi edib.
Bununla da Vaqif Poeziya Günləri başa çatıb.
Xatırladaq ki, Şuşada ikinci dəfə keçirilən Vaqif Poeziya Günlərini çərçivəsində iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi, dahi şairin məqbərəsi önündə tədbirin açılış mərasimi və Cıdır düzündə konsert-tamaşa təşkil olunub.
Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verilib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.