Daşınmaz əmlak bazarında vəziyyət – Hansı evlərin qiyməti bahalaşıb?

Mənzil bazarında son vəziyyəti və eyni zamanda da kirayə mənzil bazarında son vəziyyəti öyrənmək üçün əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı ilə əlaqə saxladıq.
1news.az -a açıqlamasında Ramil Osmanlı qeyd edib ki, mənzil bazarında son vaxtlarda nisbi qiymət artımı olsa da, ümumi vəziyyəti stabil qiymətləndirmək olar.
“İlin əvvəlindən may ayının sonuna qədər olan dinamik qiymət artımları demək olar ki, stabilləşib. Buna təbii ki, mövsümi faktorların da təsiri var. Amma əsas məsələ sözsüz ki, bazarda pul axınlarının nisbətən azalması, eyni zamanda alıcılıq qabiliyyətinin nisbətən aşağı düşməsi ilə bağlıdır. Bütövlükdə daşınmaz əmlak bazarı üzrə həm mənzil, həm də torpaq bazarında qiymət artımı nisbi də olsa davam etməkdədir”.
“Digər seqmentlərdə, məsələn, qeyri-yaşayış təyinatlı obyektlərdə, xüsusi ilə ticarət və xidmət təyinatlı obyektlərdə təklif çox olduğuna görə qiymət artımları, qiymət dəyişimləri mənzil və torpaq sahələrindəkinə adekvat deyil” – deyə, ekspert əlavə edib.
Ramil Osmanlı eyni zamanda kirayə mənzil bazarı ilə bağlı son vəziyyətə də açıqlıq gətirib.
“Kirayə mənzil bazarı üçün hal hazırda aktiv dönəm hesab olunmur. İndiki halda biz yalnız kirayə mənzil bazarı üzrə gündəlik kirayə məqsədlər üçün istifadə olunan mənzillərin qiymətində, eyni zamanda bağ evlərinin qiymətində artımlar müşahidə edirik”.
Ekspert, bu artımların səbəbinin mövsümlə bağlı olduğunu bildirib.
“İstər gündəlik kirayə bağ evləri olsun, istər də gündəlik kirayə məqsədləri üçün istifadə olunan mənzillər olsun bunların hər ikisinə yay mövsümündə tələbat yüksək olur. Turist axımı və digər səbəblərdən. Bu da qiymətə təsir göstərir”.
Humay Əliyeva