Azərbaycanda ilk ipək xalçalar - Çin şirkətinin icazəsiz hazırladığı “Çələbi” - REPORTAJ
“Azərxalça” ASC 16 iyul tarixində 22 İyul Azərbaycan Milli Mətbuat günü münasibəti ilə ölkənin aparıcı media vasitələrinin nümayəndələri üçün “Azərxalça” ASC İsmayıllı emalatxanasına mediatur təşkil etdi.
1news.az-ın əməkdaşının da iştirak etdiyi mediaturda jurnalistlərlə yanaşı “Azərxalça” ASC – nin İdarə Heyətinin sədr müavini Emin Əfəndiyev, İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, “Azərxalça”nın İstehsalat direktoru Əlisəfa Nuriyev və mətbuat katibi Xatuna Abdullayeva iştirak ediblər. Tur zamanı emalatxana ilə tanış olan jurnalistlərə həm də qurumda son zamanlarda baş verən yeniliklər təqdim olunub.
“Azərxalça” ASC-nin mətbuat xidmətinin rəhbəri Xatuna Abdullayeva bildirib ki, “Azərxalça”da ilk dəfə olaraq ipək xalçaların toxunmasına başlanılır.
"İlk ipək xalça Qobuda yerləşən filialda toxunmağa başlanılıb. Xalça pilot layihə kimi toxundu və artıq kəsilib. Daha dörd filialımızda - İsmayıllı, Kürdəmir, Nardaran, Qəbələ və İçərişəhərdə yerləşən nümayiş salonunda ipək xalçaların toxunması davam edir. Hazırda “Azərxalça”nın İsmayıllı filialında iki ədəd, ölçüləri müvafiq olaraq 55×55 və 50×60 ölçülərində ipək xalça toxunur. “Azərxalça” ASC tarixində ilk ipək xalçaların toxunmasına turistlər və yerli alıcıların istək və tələbatları nəzərə alınaraq başlandı”.
X.Abdullayevanın sözlərinə görə, həm yerli, həm də xarici bazarda yerini möhkəmləndirmək, satış miqdarını yüksəltmək və xalçaçılığın, Azərbaycan xalçalarının inkişaf edərək dünyaya açılmasına, müasir interyerin tələb olunan bir hissəsinə çevrilməsi yolunda “Azərxalça” ASC xaricdə satış nöqtələrinin sayını artırmağa davam edir:
“Bu yaxınlarda Bruneydə məşhur ticarət mərkəzlərindən birində, Avstraliyada isə onlayn satış nöqtəsi xalçasevərlərin istifadəsinə verilib".
“Azərxalça” ASC-nın istehsalat direktoru Əlisəfa Nuriyev texnoloji xüsusiyyətlərinə, naxışların sıxlığı və xarici görünüşünə görə Quba-Şirvan xalçalarına tələbatın daha çox olduğunu bildirib:
“Azərbaycanın bütün regional xüsusiyyətlərinin təzahür olunduğu naxışlar xalçalar üzərinə toxunur. Vətən Müharibəsindən sonra Qarabağ çeşniləri ilə toxunan xalçalara üstünlük verilir. İpək xalçalar xammalın baha, sərf olunan əməyin daha uzunmüddətli və ağır olması ilə əlaqədar yun xalçalarla müqayisədə baha başa gəlir".
Azərbaycan xalçalarında istifadə edilən çeşnilərin oğurlanması məsələsinə toxunan istehsalat rəhbəri qeyd edib ki, Çinin “Yuland” firması bir dəfə ona ipək xalça təklif edib:
“Mənə təklif olunan xalçaya baxdım və gördüm ki, istifadə edilən çeşnilər bizə məxsusdur. Həmin xalça “Çələbi” çeşniləri ilə toxunmuşdu. Azərbaycanın aidiyyatı qurumları ilə “Yuland” firması arasında əlaqələr olsa da, “Azərxalça” ASC olaraq biz həmin firmaya Azərbaycan çeşnilərinin istifadə hüququnu verməmişik. Müasir dövrdə internetdən şəkilləri əldə etməklə toxunmaya vermək mümkündür".
Qeyd olunub ki, turistlər və yerli alıcıların istək və təlabatlarını nəzərə alaraq “Azərxalça” ASC-də tarixində ilk ipək xalçalar toxunmağa başlanıb. Hazırda İsmayıllı, Kürdəmir, Nardaran, Qəbələ və İçərişəhərdə yerləşən nümayiş salonunda ipək xalçaların toxunması davam edir. İpək xalçaların xammalı olan ipək “Azəripək” dən əldə olunur, iplər “Azərxalça” nın tərkibində xüsusi üsullarla, təbii boyalarla boyanır. Xammalın bahalığı və sərf olunan əməyin daha uzunmüddətli və ağır olmasını nəzərə alaraq ipək xalçaların maya dəyəri yun xalçalardan daha yüksək olur.
“Azərxalça” dan ipək xalçalar əldə etməklə yanaşı, bütün növ, istənilən ölçüdə xalçaların ipək variantlarını sifariş etmək mümkündür. Gələcəkdə qurum ipək xalçaların daha geniş istehsal və satışını nəzərdə tutur.