Ağalı, biz qayıtdıq! - İlk sakinlərini qarşılayan Zəngilandan REPORTAJ | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağalı, biz qayıtdıq! - İlk sakinlərini qarşılayan Zəngilandan REPORTAJ

Ayşən İsmayılova16:40 - 20 / 07 / 2022
Ağalı, biz qayıtdıq! - İlk sakinlərini qarşılayan Zəngilandan REPORTAJ

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a Zəngilan rayonunun Ağalı kənddindən başlanıldı.

İyulun 19-da baş tutan köçürülmə kəndə qayıdışın ilk mərhələsi idi. Uzun illərdən sonra doğma torpaqlarına köçmək sevincini yaşamaq isə əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilən 10 ailəyə nəsib oldu.

1news.az xəbər verir ki, Zəngilan rayon İcra Hakimiyyətinin binası önündə baş tutan yolasalma mərasiminə prezidentin Zəngilan üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və digər rəsmilər qatılıblar.

Vahid Hacıyev tədbirə qatılanları "Böyük Qayıdış" münasibətilə təbrik edərək bildirib ki, bütün məcburi köçkünlər yaxın zamanlarda öz dədə-baba yurdlarına qayıdacaqlar. Onun sözlərinə görə, işğala qədər Ağalı inzibati ərazisi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

30 illik həsrətdən sonra yenidən öz doğma yurd-yuvalarına qovuşan Ağalı kənd sakinlərinin sevinci yerə-göyə sığmırdı. Sakinlərin sevinc göz yaşları ilə qucaqlaşması, torpaqlarının işğaldan öncəki halını ən dəyərli xatirə kimi illərdir yaddaşında qoruyub-saxlayan insanların doğma kəndlərinin çöhrəsində gördükləri nisgili duyaraq qəhərlənməyi və bu çöhrədə əvvəlki doğma cizgiləri axtarmaları, dayanmadan ətrafına baxınaraq ürəyindəki vətən həsrətini söndürməyə çalışan yurd-yuva təşnələri, sevincinin həddi-hüdudu olmayan insanların “Bayramın mübarək” deyərək bir-birini təbrik etməkləri... Bu vüsal təkcə sakinlərini sevindirmirdi. Gerçək sahiblərinə yenidən qucaq açan Ağalı kəndi də sevinc içərisində idi. Bal kimi suyu ilə doğmalarının qəlbində yanan 30 illik ayrılıq atəşini söndürməyə çalışır, həzin-həzin əsən küləyi ilə hər kəsi bərk-bərk qucaqlayırdı.

Ağalı kənd sakini Minə Mirzəyeva “Biz bu kənddən, bu torpaqdan, bu doğmalıqdan doymamış getmişdik. İnşallah indən belə doya-doya yaşayarıq” deyərək öz hisslərini 1news.az ilə bölüşüb:

“Sevincimin həddi-hüdudu yoxdur. Kəndimizdə belə gözəl şərait qurulub, bu cür evlər tikilib. Biz də rahatca gəlib qapını açaraq evə keçmişik. Amma o vaxt- buradan çıxdığımız gün çox acı bir gün idi. O günləri xatırlamaq belə istəmirəm. İki körpə uşaqla getmişdim. Biz 30 il yaşamamışıq. Yataqxana şəraitində övlad böyütmək, nəvə sahibi olmaq nə deməkdir? Mən kənddən çıxanda gənc idim, amma indi nəvələrim var. Yurdumuzun torpağı istidir. Torpağa ayağımızı basanda istiliyi ürəyimizə qədər işləyir. Biz bu kənddən, bu torpaqdan, bu doğmalıqdan doymamış getmişdik. İnşallah indən belə doya-doya yaşayarıq”.

Digər müsahibimiz Ağalı kənd sakini Həcər Məmmədova isə işğaldan sonra dünyaya gəlib, heç vaxt doğma kəndlərini görməyib, amma həmişə bu günün arzusu ilə yaşayıb:

“Baxmayarq ki, mən özüm işğaldan sonra Bakıda doğulmuşam, Zəngilanda heç vaxt olmamışam, ancaq çox sevincliyəm. Çünki bu gün illər sonra ilk dəfədir ki, dədə-baba yurdumuza qayıtmışıq, öz torpaqlarımıza ayaq basmışıq. Birazdan evimizin açarları da təqdim olunacaq və evimizə daxil olacağıq. Çox xoşbəxtəm. Özümü nağıllar aləmində hiss edirəm”.

Zəngilanın Ağalı kənd orta məktəbinin direktoru Nərmin Həsənova da bu sevincdən pay alan insanlardan biridir:

“Zəngilanın Ağalı kənd orta məktəbinin direktoruyam. Həddindən artıq sevincliyəm. Hisslərimi sözlə ifadə etmək mümkün deyil. Sanki yuxudayam”.

Ağalı kənd sakini Bahar Səmədova isə bu duyğunu yaşamağı torpağından ayrı düşən hər kəsə nəsib olmağını diləyib:

“Çox gözəl duyğudur. Allah bu duyğunu yaşamağı torpağından ayrı düşən hər kəsə nəsib etsin. Yadımdadır, o vaxtlar kənddən ağlaya-ağlaya çıxmışdıq. Artıq düşmən gəlirdi, ona görə də girov düşməmək üçün məcbur çıxıb getməli olmuşduq, özü də əliyalın. Amma indi gülə-gülə qayıdıram. Bu dəfəki göz yaşlarım sevincdəndir. Çünki artıq öz el-obama həmişəlik qayıtmışam".

Sonra Ağalı sakinlərinin ailə başçılarına evlərinin açarları verilib və kənd sakinləri evləri ilə tanış olublar.

Bəli, biz artıq Qarabağa qayıtmışıq, həm də həmişəlik. Düşmən torpaqlarımızı işğal etsə də, meşələrimizi qırsa da, təbii sərvətlərimizi talan etsə də öz istəyinə nail ola bilmədi. Rəşadətli, müzəffər Ordumuz düşmənin başını əzərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Allahdan bizə bu sevinci yaşadan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı diləyirik!

Qarabağa böyük qatıdışımız Ağalıdan başladı. Tezliklə digər şəhər və qəsəbələrimiz də öz sakinlərinin pişvazına çıxacaq, uzun sürən həsrət bitəcək. Artıq Qarabağda yeni həyat başlayır!

Ayşən İsmayılova,

Bakı - Zəngilan - Bakı

Paylaş:
1164

Son xəbərlər

Bütün xəbərlər