“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən işə qəbulla bağlı vətəndaşlara MÜRACİƏT
Son vaxtlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) işləmək üçün müraciət edənlərin sayı çoxalıb.
1news.az xəbər verir ki, bu barədə ASCO-nun yaydığı məlumatda deyilir.
Bildirilib ki, dənizçilərin işə qəbulu yaranmış tələbat daxilində ASCO-nun tabeliyində olan Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecinin məzunları arasından ASCO-nun “İnsan resurslarının idarəedilməsi Qaydaları”na uyğun olaraq müsabiqə yolu ilə aparılır.
"Bununla belə, ölkəmizdə dənizçilik üzrə fəaliyyət göstərən müxtəlif tədris kurslarının gələcəkdə ASCO-ya işə təminat vədləri verməklə bəzi şəxsləri təhsil almağa sövq etməsi ilə bağlı məlumatlar yayılmaqdadır. ASCO bütün maraqlı şəxslərin diqqətinə çatdırır ki, Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecindən başqa digər təhsil müəssisələri ASCO-ya aid deyil.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də çalışmaq istəyən bütün vətəndaşları məhz ASCO-nun tabeliyindəki təhsil ocaqlarında oxumağa dəvət edirik.
Hazırda ASCO-da elan olunan vakant yerlərə elektron qaydada müraciətlər davam edir.
Namizədlər ASCO-nun rəsmi saytının “Karyera” bölməsində yerləşdirilmiş elanlarda şərtlərlə tanış olduqdan sonra müraciət edə bilərlər.
https://www.asco.az/az/pages/6/65" - deyə açıqlamada qeyd olunub.