“Yay Fest”də ən gənc Vətən müharibəsi qəhrəmanları ilə görüş olub - FOTO

Şamaxıda fəaliyyət göstərən ən böyük gənclər düşərgəsi – “Yay Fest”də Vətən Müharibəsi qəhrəmanları Vüsal Yaqubov və Azər Abdullazadə, qazilər Bəhruz Məmmədzadə, Rəfail Nuriyev, Əqil Sultanov, Əhliyət Mehdiyev gənclərlə görüşüb.
1news.az xəbər verir ki, görüşdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən danışılıb, qəhrəman döyüşçülər, qazilər keçdikləri şərəfli döyüş yolu barədə xatirələr söyləyiblər, gənclərlə maraqlı müzakirələr aparıblar.
Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabit və gizirləri tərəfindən sıra hazırlığı, silahla davranış, atəş hazırlığı, əlbəyaxa döyüş üzrə praktiki təlimlər keçirilib. Habelə gənclər üçün hərbi idman oyunları, təbiətə ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncələr təşkil olunub.
Qeyd edək ki, 2019-cu ildən keçirilərək ənənə halını alan “Yay Fest” gənclər festivalının əsas məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqidir. Eyni zamanda, onların vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı və müasir dövrün çağırışlarına uyğun yetişməsi, ölkəmizin ayrı-ayrı bölgələrində yaşayan gənclərin sosiallaşması, onların müasir peşə və trendlər barədə məlumatlandırılmasından ibarətdir.
Sentyabrın 9-dək davam edəcək Festival çərçivəsində mərhələli şəkildə fərqli mövzular (Tələbəlik, “Dəmir yumruq”, Yaradıcılıq, Könüllülük, UN SDG, “İdeyadan Biznesə”, “Karyera və İnkişaf”, Həmrəylik) üzrə 8 düşərgə təşkil olunacaq. Ümumilikdə 2000 gəncin “Yay Fest”dən faydalanması nəzərdə tutulur. Festival Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.






