“Elə bölgələrimiz var ki, müəllim sayı həddən artıq çoxdur”

"Əvvəlki dövrdə nəzarət imkanlarının zəif olması səbəbindən hansı məktəbdə nə qədər müəllim işlədiyini bilmək çətin idi".
1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, elə bölgələrimiz var ki, müəllim sayı həddən artıq çoxdur:
"Bu, o deməkdir ki, hər müəllimə daha az saat düşür və həmin müəllimlər daha az maaş alırlar. Elə məktəblər var ki, 33 şagirdə 14 müəllim düşür. Həmin müəllimləri indi işdən çıxarmaq olmaz. Keçmişdə buna nəzarət etmək olmurdu, amma indi buna nəzarət edə bilirik və hər il addım-addım bu problemləri həll etməyə çalışırıq".
Nazir deyib ki, hələ də məktəblərdə 6 saata qədər dərs deyən ibtidai sinif müəllimləri var:
"İbtidai sinif müəllimlərinin çoxu 2010-cu ilə qədər işə götürülüb. İbtidai sinif müəllimlərinin təxminən 10600-ü 2010-dan sonra işə götürülüb. İndi hansı məktəbdə nə qədər müəllimin çalışdığına elektron sistem vasitəsilə nəzarət etmək mümkündür".
1news.az