Bir şagirdin məktəb bazarlığı neçəyə başa gəlir? - FOTO - REPORTAJ
2022-2023-cü tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər artıq məktəb forması və məktəb ləvazimatlarının alış-verişinə başlayıblar.
Bəs bazarlarda qiymətlər necədir? Bir şagirdin məktəb bazarlığı təxminən neçəyə başa gəlir? Valideynlər bu qiymətlərdən razıdırlarmı?
Qeyd etdiyimiz suallara cavab tapmaq üçün kiçik araşdırma aparmaq qərarına gəldik. 28 May metrostansiyası yaxınlığında yerləşən təhsil yarmarkalarına baş çəkərək qiymətlərlə tanış olduq. Müşahidələrimizə əsasən, məktəb ləvazimatlarının qiymətlərini təqdim edirik:
Çantalar - 10 AZN-dən 60 AZN-ə qədər;
Dəftərlər 12 - 100 vərəqli olmağından asılı olaraq 0.15 AZN-dən 1.50 AZN-ə qədər;
Qələm - 0.10 AZN-dən 1 AZN-ə qədər;
Sadə karandaş - 0.10 AZN-dən 1 AZN-də qədər;
Rəngli karandaşlar – 1.50 AZN-dən 8 AZN-ə qədər;
Karandaşyonan - 0.30 AZN-dən 2 AZN-ə qədər;
Pozan - 0.20 AZN-dən 1 AZN-ə qədər;
Plastilin - 1 AZN-dən 7 AZN-ə qədər;
Rəngli kağızlar - 1 AZN-dən 2 AZN-ə qədər;
Rəsm albomu - 1 AZN-dən 4 AZN-ə qədər;
Dəftər və kitab üzləri - 1.50 AZN-dən 3 AZN-ə qədər;
Qovluqlar - 0.50 AZN-dən 4 AZN-ə qədər;
Yapışqan - 0.30 AZN-dən 2 AZN-ə qədər;
Ağardıcı - 0.60 AZN-dən 1 AZN-ə qədər;
Flomaster – 1.20 AZN-dən 5 AZN-ə qədər;
Xətkeş - 0.50 AZN-dən 5 AZN-ə qədər;
Marker - qiyməti 0.50 AZN-dən başlayır
Su qabıları – 4 AZN-dən 8 AZN-ə qədər;
Termoslar - 7 AZN-dən 20 AZN-ə qədər
Yarmarkada övladları üçün məktəb alış-verişi edən valideynlərlə də həmsöhbət olduq. Onlar yarmarka qiymətlərinin münasib olduğunu bildirdilər.
Oğlu 1-ci sinfə hazırlaşan Günay Əlihəsənova qiymətlərin münasib olduğunu düşünür:
“Hələ ki alış-veriş etməmişik, qiymətlərlə maraqlanıram. Qiymətlər elə də yuxarı deyil, yaxşıdır”.
İki övladı üçün məktəb alış-verişi edən Nərgiz Hümbətova da bəzi yerlərdəki qiymətlərdən narazı qalsa da, yarmarka qiymətlərinin büdcələrinə uyğun olduğunu qeyd edib:
“Oğlum 7-ci, qızım da 3-cü sinfə gedir. Bundan əvvəl bəzi yerlərə baxmışdım, qiymətlər çox baha idi, amma bura daha münasibdir”.
Rəvanə Babayeva da qiymətlərdən narazı olmadığını söyləyən valideynlərdəndir:
“Məncə, qiymətlər normaldır, məni qane edir”.
Bakı Tikiş Evinə gedib formaların satışı ilə bağlı vəziyyətlə də tanış olduq. Müşahidələrimizə əsasən deyə bilərik ki, BTE - də bəzi günlər lazım olan geyimləri ümumiyyətlə tapmaq olmur. Yeni geyimlər gətirildiyi vaxtlarda isə izdiham müşahidə edilir.
Bundan əlavə, bəzi valideynlər formaların keyfiyyətindən və qiymətindən narazılıq edirlər. Qiymətlərə gəlincə, uzunqol və qısaqol köynəklər təxminən 14 manata, şalvar və ətək 25 manata, ümumi məktəbli forması dəsti (şalvar-köynək, köynək-ətək) isə 39 manata satılılır. Bir evdə ən az iki məktəbli olduğunu nəzərə alsaq, valideynlərin gileylənməkdə haqsız olmadıqlarını deyə bilərik. Çünki bir şagirdin məktəb bazarlığı üçün lazım olan xərc 70-80 AZN, forma ilə birlikdə isə təxmini hesabla 108-115 AZN arasında dəyişir.
Ayşən İsmayılova
Foto: Nadir İbrahimli