Ötən gün “Azərişığ”ın çağrı mərkəzi zəngləri qəbul etməyib?- Açıqlama

Ötən gün güclü yağışdan sonra bəzi yerlərdə qısa müddətdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Bununla bağlı oxuculardan 1news.az-a müraciət daxil olub. Bildirilib ki, elektrik enerjisinin kəsilməsi ilə bağlı “Azərişığ”ın 199 çağrı mərkəzinə saat 18:30-dan 21:47-yə qədər dəfələrlə zəng etsələr də operatorla danışa bilməyiblər. Bəs görəsən bunun səbəbi nədir?
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, havanın yağışlı keçməsi səbəbindən ötən gün müəyyən vaxtlarda 199 çağrı mərkəzinə müraciətlərin sayı çox olub.
“Bizim çağrı mərkəzində 40 gözləmə olur, gözləmə vaxtı biraz çox olduğundan narahatlıq yaranıb. Abonentlər 199 çağrı mərkəzinə istədikləri vaxt zəng edib asanlıqla şikayət və təkliflərini bildirirlər, əgər bu belə olmasa mediada bununla bağlı xəbərlər dərc olunardı. “Azərişıq” abonentlərinin müraciətlərinə operativ reaksiya verərək problemləri aradan qaldırır. Biz həm abonentlərin, həm də jurnalistlərin sorğularına operativ cavab veririk. Qaynar xətdən başqa, mətbuat xidmətinin əməkdaşları olaraq bizlərin də telefonları 24 saat açıqdır”.