“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür | 1news.az | Xəbərlər
Cəmiyyət

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

Qafar Ağayev09:19 - 20 / 09 / 2022
“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir.

“Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.

“Əsrin müqaviləsi” imzalanandan sonra onun iştirakçıları işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi.

Prezident Heydər Əliyevin 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanma mərasimində söylədiyi nitq geniş mənatutumlu tarixi sənəd olub, təkcə siyasi maraqlar dilində deyil, həm də siyasi təhlil dilində danışmağa imkan verir. Bu nitqdə Azərbaycan dövlətinin başçısının niyyət və qərarlarını interpretasiya etmək üçün onun zəngin dil və dünyagörüşü imkanları ifadə edilmişdir.

Heydər Əliyev mərasimdə iştirak edənlərə bu böyük hadisənin tarixindən, böyük uğurlar və faydalı nəticələrlə zəngin olan Bakı neft sənayesinin tarixindən söhbət açdı. Onun nitqinin tezisləri bir neçə əsas müddəaya əsaslanırdı:

“Neft sənayesinin inkişafı ... Bakının, ümumiyyətlə, Azərbaycanın inkişafına böyük təkan vermişdir”.

“1918-ci ildə... demokratik dövlət yaradıldı”. “Bu dövlət xalqımıza məxsus olan sərvətlərdən onun rifahı üçün səylər göstərmişdir”.

Sonra “sovet sosialist hakimiyyəti qurulmuşdur... Azərbaycan həmin quruluş şəraitində, Sovet İttifaqının tərkibində olmuşdur. Azərbaycanın ən böyük sərvəti olan neftdən Sovet İttifaqının mənafeyi naminə istifadə edilmişdir”.

“1920-ci ildən başlayaraq, Azərbaycanın həyatında çox böyük dəyişikliklər baş vermişdir. Azərbaycanın iqtisadiyyatı inkişaf etdirilmiş, respublikada nəhəng sənaye potensialı yaradılmış, neft sənayemiz böyük tarixi yol keçmişdir”.

“Mən bütün bu məlumatları qonaqlarımıza çatdırmağı, bunları Azərbaycan xalqına bir daha xatırlatmağı lazım bilirəm. Çünki bunların hamısı Azərbaycan xalqının fəxridir, şöhrətidir, xalqımızın, neftçilərimizin dünya iqtisadiyyatına göstərdikləri böyük xidmətlərdən xəbər verir”. “Azərbaycan müstəqil respublika olmuşdur... Azərbaycanın həyatında yeni dövr başlanmışdır. Neft sənayemizin tarixində də şərti olaraq üçüncü mərhələnin bünövrəsi qoyulmuşdur... Biz yeni mərhələdə Azərbaycan Respublikasının iradəsini ifadə edərək, onun öz təbii sərvətlərindən istifadə etməsi üçün lazımi tədbirlər görürük”.

“Azərbaycan iqtisadiyyatı ağır böhran içərisindədir. Neft sənayesində də böyük çətinliklər yaranmışdır. Bu böhrandan çıxmaq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, xalqın rifahını qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün hamı əl-ələ verib müqavilənin həyata keçirilməsinə çalışmalıdır”.

“Əsrin müqaviləsi” tarixə Heydər Əliyevin Prezident hakimiyyəti siyasətində baza prioritetini – neft strategiyasını müəyyən etmiş ilk iri iqtisadi sənəd kimi düşmüşdür. Lakin “Əsrin müqaviləsi”nin əhəmiyyəti hələ o vaxt da təkcə gözlənilən merkantil səmərə ilə məhdudlaşmırdı. 1990-cı illərin əvvəlində Azərbaycan Heydər Əliyevin layihəsi əsasında fəlakətli vəziyyətdən çıxırdı. Layihə onun siyasətində həmişə olan və dilə gətirilməyən, ən uzaqgörən məsləkdaşlarının oxuya bildiyi mülahizələrin məcmusu idi. O illərdə Azərbaycan dövləti tarixi Azərbaycan dövlətçiliyinin varisi hüquqlarını həyata keçirməyə, təkcə özünün mövcud olduğu qısa zaman kəsiyi üçün deyil, Azərbaycan tarixinin bütün təcrübəsi üçün məsuliyyət daşımağa məhkum idi. Bu mənada “Əsrin müqaviləsi” ayrı-ayrı dövrlərin əlaqəliliyi ideyasını, Heydər Əliyev siyasətinin əsas məqsədinə - ictimai rifaha xidmət edən dəyərləri əks etdirən dünyagörüşü aktına çevrildi.

Heydər Əliyev ənənələrə hörmətlə yanaşırdı. O, antik dövrdən, Platondan və Aristoteldən üzü bəri gələn demokratik siyasətin klassik məbədini yaxşı təsəvvür edirdi. Belə siyasətin məqsədi ayrı-ayrı fərdlərin şəxsi azadlığını deyil, millətin rifahını təmin etməkdir.

“Əsrin müqaviləsi” labüd olaraq Azərbaycanda sosial tədbirlərin miqyasının dəyişməsinə doğru aparırdı: ölkəyə külli məbləğdə pul axını yaranması ilə əlaqədar millət hərc-mərclikdən və parçalanmaqdan xilas olmaq imkanı qazanırdı – Azərbaycan milləti dəqiq məzmuna malik həyati əhəmiyyətli vəzifələri yerinə yetirməli idi. Bu vəzifələrin mahiyyəti səmərəli modernləşdirmə həyata keçirməkdən ibarət idi, lakin bu zaman iki zəruri şərtə - müstəqilliyi qoruyub saxlamaq və millətin mənəvi-əxlaqi gücündən istifadə etmək şərtlərinə əməl olunmalı idi. “Əsrin müqaviləsi” məhz insanın təsərrüfatçılıq enerjisinin sərbəstləşməsi kimi başa düşülən bu cür modernləşmənin hərəkətverici qüvvəsinə çevrilməli idi. Lakin müvafiq proseslərə nəzarət edilməsi dövlətin səlahiyyətində qalırdı. Beləliklə, əlamətdar “müqavilə” sözü uzunmüddətli əməliyyat mənası kəsb etdi.

“Əsrin müqaviləsi”nin reallaşdırılması indi, neçə illər keçəndən sonra, çox düzgün olaraq Azərbaycan millətinin malik olduğu potensial qüvvə barədə düşünməyə vadar edir. Bu qüvvə adi gözlə görünməyən enerji ehtiyatlarından, millətin iradə gücündən və böyük amallara can atmasından asılıdır.

Paylaş:
295

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər