İstiqlal şairi Əhməd Cavadın şeirlərinin Özbək və Azərbaycan dillərində nəşrinin təqdimatı keçirilib - FOTO

Bakıda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə istiqlal şairi Əhməd Cavadın şeirlərinin Özbək və Azərbaycan dillərində nəşrinin təqdimatı keçirilib.
1news.az xəbər verir ki, tədbirdə alimlər, ədəbiyyatsevərlər, sərgi ziyarətçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, milli mədəniyyətimizə, ədəbiyyatımıza dair əsərlərin özbək dilinə tərcüməsi qardaş Özbəkistan oxucularına, ədəbiyyatsevərlərə, tədqiqatçılara öz ana dillərində oxumaq imkanı yaradır. Samir Abbasov son illərdə bu istiqamətdə xeyli işlərin görüldüyünü və Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 100-dən çox nəşrin özbək dilində işıq üzü gördüyünü vurğulayıb. O, böyük şair Əhməd Cavadın əsərlərindən ibarət “Mən həqiqət səsiyəm (Man haqiqat sadosiman)” adlı kitabın əhəmiyyətindən danışaraq bildirib ki, kitabın özbək və Azərbaycan dillərində nəşri özbək şeirsevərləri, ədəbiyyatşünasları üçün Azərbaycan ədəbiyyatını kəşf etməyə imkan verməklə yanaşı, istiqlal şairinin anadan olmasının 130 illik yubileyinə bir töhfədir.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatında xüsusi yerə malik olan Əhməd Cavad yaradıcılığından söz açaraq şairin əsərlərinin yenidən nəşrinin, ələlxüsus da başqa bir dilə tərcümə edilərək çap olunmasını və belə bir mötəbər beynəlxalq sərgi çərçivəsində təqdimat mərasiminin keçirilməsini Azərbaycan ədəbiyyatşünaslığı üçün mühüm hadisə hesab edib.
Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli Əhməd Cavadın yubileyi ilə bağlı dövlətimiz və nazirlik tərəfindən həyata keçirilən silsilə tədbirlərdən söz açaraq Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan kitabın da adıçəkilən tədbirlərin bir hissəsi olduğunu qeyd edib.
Tədbirdə şairin nəticəsi Cavad Axundzadə babası Əhməd Cavada göstərilmiş diqqətə görə Mədəniyyət Nazirliyinə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə özü və ailəsi adından təşəkkürünü bildirib.
Türkiyəli qonaq – şair tərcüməçi, Əhməd Cavadın şeirlərini türk dilinə tərcümə etmiş Kənan Çarboğa da Əhməd Cavadın yaradıcılığından söz açaraq onun əsərlərinin tək Azərbaycan ədəbiyyatşünaslığı üçün deyil bütövlükdə Türk ədəbiyyatşünaslığı üçün də böyük dəyərə sahib olduğunu bildirib.
Sonda çıxış edən Samir Abbasov Mədəniyyət Nazirliyinə təşəkkür edərək tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Əhməd Cavadın əsərlərindən ibarət “Mən həqiqət səsiyəm (Man haqiqat sadosiman)” adlı kitab Azərbaycan və Özbəkistan kitabxanalarına paylanacaq.

