Region məktəblilərinə dövlətçilik tariximizdən danışılıb

Neftçala rayonundakı Sakit Kərimov adına Qədimkənd kənd tam orta məktəbində və Salyan şəhərindəki “Kainat” Tədris Mərkəzində “Qalib xalq adını özümüzə qaytaran böyük tarixi qələbə” adlı layihə çərçivəsində Dövlət Mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli ilə görüşlər keçirilib.
“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən (ATİB) 1news.az-a verilən məlumata görə, görüşlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ATİB-in birgə təşkilatçılığı ilə reallaşıb.
Müəllim və şagirdlərin çoxsaylı suallarını cavablandıran tarixçi-alim Güntəkin Nəcəfli və ATİB-in sədri Mehri Xanbabayeva Azərbaycanın zəngin dövlətçilik tarixindən, o cümlədən ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsindən, İrəvanın (1918) və Qərbi Zəngəzurun (1920) ermənilərə verilməsindən, Birinci və İkinci Qarabağ müharibələrindən ətraflı danışıblar.
“Biz tarixçilər həmişə bir arzumuzu dəfələrlə bəyan etmişik: “Gün o gün olsun ki, sevimli Prezidentimiz Azərbaycan tarixinə Qarabağımızı azad edən xilaskar Prezident kimi daxil olsun!” O gün gəldi! Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinə Qarabağı azad edən xilaskar Prezident kimi daxil oldu!”, - deyə G.Nəcəfli qeyd edib.
Qədimkənd kənd tam orta məktəbinin direktoru Kamal Cəfərov, məktəbin tarix müəllimi Elçin Eybullayev və “Kainat” Tədris Mərkəzinin direktoru İlqar Ağakişiyev çıxış edərək bu cür mühüm görüşləri təşkil etdiyinə görə ATİB-ə təşəkkürlərini bildiriblər.
Tədbirlərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ATİB tərəfindən nəşr olunan “Qalib xalq adını özümüzə qaytaran böyük tarixi qələbə” adlı əsər (layihə rəhbəri və müəllif Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudov), bloknot, qələm və digər hədiyyələr məktəblilərə paylanılıb.




