Azərbaycan əhalisi dəbli geyinir? - Mütəxəssisdən açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan əhalisi dəbli geyinir? - Mütəxəssisdən açıqlama

10:32 - 28 / 10 / 2022
Azərbaycan əhalisi dəbli geyinir? - Mütəxəssisdən açıqlama

"İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar" deyib atalarımız.

Geyim insanda ilk təsəvvür yaradan əsas predmentlərdən biridir desək yanılmarıq. Bu zaman sual yaranır, görəsən ölkəmizdə vəziyyət necədir? Əhalimiz zövqlü geyinirmi?

Mövzu ilə bağlı Bakı Milli Geyim Evinin rəhbəri, modelyer Könül Vəlibəyova ilə əlaqə saxladıq. O, 1news.az-a açıqlamasında son illərdə geyimlə bağlı bir xeyli dəyişikliklər olduğunu bildirib:

"Son zamanlar sosial şəbəkələrdə də izləyirəm, demək olar ki, bütün şəkillər məni heyran edir. Sual verə bilərsiniz niyə? Çünki bizim gənclər son zamanlar tam Avropa və dünya modasına uyğun geyinməyə başlayıblar. Bütün bahalı markaların birə-bir eynisi, görüntüləri, dəbi, kəsimləri, parçaları hər biri eynisilə bizdəki atelyelərdə hazırlanmağa başlanılıb. 2022-ci ilin payızından üzü 2023-cü ilin qışına keçirik və mən görürəm ki, 2000-ci illərin dəbi geri qayıdır. Bəlkə də çox qızlarımız buna görə də 2000-ci illərdə analarının geyindikləri geyimləri qarderobdan çıxarıb indi də geyinəcəklər. Əslində moda hər zaman təkrarlanır. Ona görə də rahatalıqla deyə bilərəm ki, Azərbaycan əhalisi, xüsusilə də Azərbaycan gəncləri bu gün dünya modasına uyğun geyinirlər".

Həmçinin K.Vəlibəyova zövqlü geyinmək üçün madiyyatın önəmli olmadığını da vurğulayıb:

"Zövqlü geyinmək üçün maddiyat önəmlidirmi? Xeyr. Zövqlü geyinmək üçün insana zövq, yetərli qədər düşüncə, ağıl, həyat tərzi, onun intellektual düşüncəsi, araşdırması və s. çox önəmlidir. Əlbəttə ki, indiki gənc qızlarımız çox kiçik büdcələrlə dəbə uyğun geyinirlər. Azərbaycan əhalisi, Azərbaycan xanımları və qızları doğrudan da çox zövqlüdürlər. Cüzi büdcələrlə hər gün evdən daha yeni daha gözəl geyimlərlə çıxırlar. Həmçinin onu da qeyd edim ki, istər mətbuatdakı xanımlar, istər universitet tələbələri və ya hər gün küçədə təsadüfən rastlaşdığımız xanımların nə qədər gözəl geyindiklərinə şahid oluram. Hətta o qədər gözəl geyinirlər ki, geyimlərlə artıq insanları varlıdır, ya da kasıbdır, marakadır ya yox deyə ayırd etmək olmur".

Aynurə Xudaverdiyeva

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər