Həkim: “Qohum evliliyindən dünyaya gələn uşaqlarda ürək xəstəlikləri çox olur” | 1news.az | Xəbərlər
Cəmiyyət

Həkim: “Qohum evliliyindən dünyaya gələn uşaqlarda ürək xəstəlikləri çox olur”

16:29 - 26 / 10 / 2022
Həkim: “Qohum evliliyindən dünyaya gələn uşaqlarda ürək xəstəlikləri çox olur”

“Qohum evliliyindən dünyaya gələn uşaqlarda ürək xəstəlikləri çox olur”.

1news.az xəbər verir ki, bunu həkim-kardioloq Səkinə Osmanova bildirib.

Həkim bildirib ki, ümumiyyətlə, qohum evliliyi tövsiyə olunmur: “Nəinki ürək xəstəlikləri, digər xəstəliklər də özünü biruzə verə bilir. Bunun səbəbi genetika ilə bağlıdır”.

Səkinə Osmanova anadangəlmə ürək qüsurlarının əsas amillərindən birinin genetik səbəblərlə bağlı olduğunu qeyd edib:

“Yaxud da bətndaxili inkişaf dönəmində də qüsurlar yarana bilər. Bətndaxili inkişaf dövründə ürək qüsuru yaranarsa, bu özünü biruzə verir. Doğulduqdan sonra həmin uşaqlar tamamilə nəzarətdə qalmalıdır. Lakin bəzi qüsurlar var ki, o zaman çox tələsmək lazım deyil. Elə qüsurlar var ki, uşağın 1 yaşına qədər bağlana bilər. Amma anadangəlmə ürək qüsurlarının müalicə ilə sağalması mümkün deyil, ancaq əməliyyatla bu qüsurlar aradan qaldırıla bilər”.

Həkim deyib ki, Azərbaycanda anadangəlmə ürək qüsuru ilə doğulan uşaqların sayı çoxdur:

“Uşaqlar ağlayanda özündən getməsi, burun, dodaq üçbucağında göyərmələr olarsa və yaxud da kənardan hər hansı küy eşidilərsə, heç bir şikayət olmasa belə uşaqları müayinədən keçirsinlər. Çünki bu xəstəliklər erkən dövrdə aşkarlandıqda daha yaxşıdır. Böyük yaşlarda bu qüsurlar təsadüf nəticəsində aşkarlananda artıq onun əməliyyatla da müalicəsi mümkün olmur. Həmin şəxslərdə simptomatik müalicələr aparılır”.

Səkinə Osmanova qeyd edib ki, bəzən şikayətləri olmasa da, ürək qüsuru olan şəxsləri müəyyən edə bilirlər:

“Həmin şəxslər şikayətin olmamasını əsas gətirərək ürək əməliyyatı olmaq istəmirlər. Bu isə gələcəkdə onların daha pis hala çatmasına, daha ağır simptomlarla özünü biruzə verməsinə səbəb ola bilər. Açıq ürək əməliyyatlarının əksəriyyəti icbari tibbi sığorta tərəfindən qarşılanır”.

1news.az

Paylaş:
381

Son xəbərlər

Bütün xəbərlər