Bakıda yeni marşrut xətti açılır - “Çıxışa doğru”da MÜZAKİRƏ

Oktyabrın 27-dən Bakıda gediş haqqı 60 qəpik olmaqla yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq.
Yeni xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti - “Azneft” dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.
Marşrut xətti üzrə sərnişindaşımaları Bakı Bus MMC-nin istismarında olan avtobuslarla icra ediləcək. İlkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb ediləcək. Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-a qədər fəaliyyət göstərəcək. Avtobuslar hərəkət sxemi üzrə bütün dayanacaq məntəqələri üzrə deyil, yalnız əvvəlcədən müəyyən edilmiş sərnişin təlabatı daha çox olan məntəqələrdə dayanacaq.
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Bakıda yeni marşrut xətti açılır" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Mais Ağayev - BNA-nın mətbuat katibi, Rauf Zeyni – İNM-nın sədri, Elməddin Muradli - nəqliyyat üzrə mütəxəssis və Rauf Ağamirzəyev - nəqliyyat üzrə mütəxəssis, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz.