Dünya liderlərinin ilk peşələri nə olub? - ARAŞDIRMA

Nə vaxtsa onlar da tələbə olublar, imtahan həyəcanı yaşayıblar.
Yəqin ki, həmin vaxtlar ağıllarına da gəlməyib ki, illər keçdikdən sonra dünyanın siyasi müstəvisində ən vacib fiqurlara çeviriləcəklər, öz dövlətləri, öz xalqları qarşısında imtahan verəcəklər. Bəs bu gün dünyanın siyasi liderləri illər öncə hansı ixtisasa üstünlük veriblər, ilk peşələri nə olub?
1news.az bir sıra dünya liderlərinin ilk ixtisasları ilə bağlı araşdırma aparıb:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev siyasi fəaliyyətə başlamamışdan öncə, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim olaraq çalışıb. 1991–1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
Amerika Birləşmiş Ştatlarının 46-cı Prezidenti Cozef Bayden siyasi vəzifəyə namizəd olmadan əvvəl vəkil kimi təcrübə keçib. O, 1969-cu ildə ilk dəfə iş həyatına Delaver ştatının vəkilliyinə qəbul edilərək başlayıb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 1991-ci ildə Sankt-Peterburqda siyasi karyerasına başlamaq üçün istefa verməzdən əvvəl 16 il KQB xarici kəşfiyyat zabiti kimi çalışıb, polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
2019-cu ildən bəri Ukraynanın altıncı Prezidenti vəzifəsini icra edən Volodimir Zelenski siyasətçi olmamışdan öncə komediyaçı və aktyor olub. Ən məşhur filmləri isə “8 ən yaxşı görüş”, “Mən, sən, o və o”, “Xalqın xidmətçisi 2”-dir.
Fransanın Respublikasının Prezidenti Emmanuel Makron siyasi arenaya atılmamışdan öncə, Maliyyə Baş Müfəttişliyində yüksək vəzifəli dövlət qulluqçusu kimi çalışıb və daha sonra “Rothschild & Co”-da investisiya bankiri olub. Emmanuel Makron 26 avqust 2014-cü ildən 30 avqust 2016-cı ilədək Vals Manuelin ikinci hökumətində iqtisadiyyat, sənaye və rəqəmsal işlər naziri olub. Fransada keçirilən Prezident seçkilərində iştirak etmək üçün vəzifəsindən istefa verib.
Böyük Britaniyanın hazırda lideri olaraq fəaliyyət göstərən III Çarlz pilot olub. Kral atasının, babasının və iki ulu babasının izi ilə Kral Dəniz Qüvvələrində xidmət edib. Kembricdəki ikinci ilində o, Kembric Universitetinin Hava Eskadronu ilə Chipmunk təyyarəsini idarə etməyi öyrənərək Kral Hərbi Hava Qüvvələrinə pilot kimi təlim keçib.
Kanadanın siyasi lideri Castin Trudeau universitetdən məzun olduqdan sonra Vankuverdə qalıb və orada Killarney Orta məktəbi kimi yerli məktəblərdə əvəzedici müəllim vəzifəsini icra edib və daimi olaraq “West Point Grey Akademiyası”da fransız dili və riyaziyyat müəllimi kimi çalışıb.
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə verdiyi müsahibədə uşaqlıq illərində simit və su satdığını bildirib. Bir müddət futbolla da maraqlanan Ərdoğan siyasi fəaliyyətə orta məktəb illərində Milli Türk Tələbələr Birliyinə daxil olaraq başlayıb.
İran İslam Respublikasının lideri İbrahim Rəisi 1981-ci ildə Kərəc prokuroru vəzifəsinə təyin olunub. Daha sonra Həmədanın prokuroru vəzifəsinə təyin olunub və hər iki vəzifəni birlikdə icra edib. Maraqlısı da budur ki, o, eyni vaxtda bir-birindən 300 km-dən çox məsafədə olan iki şəhərdə fəaliyyət göstərirdi. Dörd aydan sonra Həmədan vilayətinin prokuroru təyin edilən Rəisi bundan sonra siyasi arenaya gəlib.
Suriya Prezidenti Bəşər Əsəd 1988-ci ildə Dəməşq Universitetinin tibb fakültəsini fərqlənmə diplomu ilə bitirərək həkim-oftolmoloq ixtisasına yiyələnib. Bir müddət bu sahə üzrə İngiltərənin paytaxı Londonda Qərb Göz Hospitalında təcrübə də keçib.
Almaniyanın hazırki lideri Frank Valter Ştaynmayer 1991-ci ildə hüquq elmləri doktoru dərəcəsi alana qədər Gissen Universitetində ictimai hüquq və siyasət elmləri professorunun elmi köməkçisi kimi çalışıb. Onun dissertasiyası “Evsizliyin qarşısının alınmasında dövlətin rolu” mövzusunda olub.
İtaliyanın 12-ci Prezidenti Sergio Mattarella 1964-cü ildə “Siyasi istiqamətin funksiyası” dissertasiyası ilə universitetdən məzun olub. 1967-ci ildə o, Palermoda hüquqşünas vəzifəsində işə başlayıb. Bir neçə ildən sonra Mattarella Palermo Universitetində parlament prosedurunu tədris etməyə başlayıb və burada 1983-cü ilə qədər qalıb. 11 iyul 1983 ildən isə siyasi arenaya ilk addımını Millət vəkili olaraq atıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko 1975-ci ildə Mogilyov Pedoqoji institutunun tarix fakültəsini, 1985-ci ildə isə Belarus Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat fakültəsini bitirdikdən sonra müxtəlif vaxtlarda həm tarixçi, həm də iqtisadçı kimi ilk iş həyatına başlayıb.
Ardı var...
Aynurə Xudaverdiyeva
1news.az