Bakı Ekspo Mərkəzində Medinex 2022 sərgisi sərgi keçirilir - REPORTAJ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ekspo Mərkəzində Medinex 2022 sərgisi sərgi keçirilir - REPORTAJ

18:00 - 03 / 11 / 2022
Bakı Ekspo Mərkəzində Medinex 2022 sərgisi sərgi keçirilir - REPORTAJ

Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgisi öz işinə başlayıb.

Sərginin ekspozisiyası dünyanın 12 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Danimarka, İsveçrə, İtaliya, Pakistan, Qazaxıstan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, Yaponiya, Əlcəzair və digər ölkələrdən 90-dan çox şirkəti birləşdiriləcək.

1news.az sərgidən reportaj hazırlayıb:

Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgiləri keçirilir. Sərgilər koronavirus pandemiyasının yaratdığı uzun fasilədən sonra yenidən ənənəvi formatda keçirilib. Sənaye mütəxəssisləri işgüzar əlaqələri bərpa etmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar əldə etmək və sərfəli müqavilələr bağlamaq üçün iki ildən sonra ilk dəfə yenidən görüşüblər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Elvin Abbasov vətəndaşlara sığortanın faydaları haqda məlumat verib:

"Gördüyünüz bu yer İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin pavilyonudur. Ən çox marağa səbəb olan pavilyonlardan biri də bizimdir. Biz burada vətəndaşlara hansı formada xəstəxanalara müraciət etmələri üzrə məsələni ön plana çəkmişik. Bu gördüyünüz ekranda İcbari Tibbi Sığortadan istifadə edən insanların hekayələri canlandırılır. Həmçinin infoqrafik görüntülər də yayımlanır".

"Med-El" şirkətinin nümayəndəsi Zamin Talıbov eşitmə üçün olan aparatların keyfiyyətindən danışıb:

"Bizim şirkətimiz tibbi avadanlıqlar, tibbi cizahlar, implantlar, kosmetoloji vasitələr, labortoriya və fizioterapiya sahəsində bir sıra beynəlxalq sertifikatlara sahibdir və Azərbaycanda təchizatçısıdır. Bu gördüyünüz aparatlar daha çox IV dərəcə anadangəlmə eşitmə problemi olanlar üçündür. Bu aparatlar açıqəməliyyat ilə pasiyentin qulağına daxildən yerləşdirilir. Qiymətləri isə 21 min manatdan başlayır. 10 illik zəmanəti var".

“Diammed Co” direktoru Samirə Hüseynova hazırda 50 müxtəlif tibbi məhsullar istehsal etdiklərini bildirib:

"Artıq 3 ildən çoxdur ki, şirkətimiz fəaliyyət göstərir. Biz işə ilk olaraq şpris istehsalı ilə başlamışıq. Azərbaycanda ilk tibbi məhsulu istehsalı zavodu bizimdir. Biz hazırda 50 məhsul istehsal edirik. Bununla belə yeni məhsullar üzərində çalışırıq. Beləki ölkəmizdə damardaxili məhlulların istehsalı yoxdur. Biz bu layihə üzərində çalışırıq. Gələn ilin II rübündən başlayaraq artıq fəaliyyətə başlayacayıq".

Qeyd edək ki, "Medinex" sərgisi ilə eyni anda gözəllik industriyası sərgisi "Beauty Azerbaijan" keçiriləcək. Sərgi çərçivəsində kosmetologiya və estetik tibb üçün məhsullar, parfümeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, saça və bədənə qulluq məhsulları, dekorativ kosmetika, professional kosmetika, salon avadanlığı və bərbər alətləri nümayiş olunur.

Hər iki sərgi noyabrın 5-nə kimi davam edəcək.

Fotolar: Nadir İbrahimli

Müxbir: Aynurə Xudaverdiyeva

Paylaş:
1409

Son xəbərlər

Bütün xəbərlər