Avtobuslarda cibgirlik edən 3 qardaş tutulub - FOTO - VİDEO - YENİLƏNİB

Paytaxt rayonlarında polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar nəticəsində ictimai nəqliyyatda – avtobuslarda cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-dən 1news.az-a verilən məlumata görə, tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş Elnur, Faiq və Ruslan Süleymanov qardaşları tutularaq istintaqa təqdim ediliblər.
Araşdırmalarla bu şəxslərin paytaxtın bir neçə rayonlarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda sərnişinlərin ümumilikdə 6000 manatdan artıq pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyən edilib.
Qeyd edilib ki, saxlanılan şəxslərin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.
Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.
Aşkar edilmiş faktlarla bağlı araşdırmalar davam etdirilir.
12:32
Bakıda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirliklə məşğul olan 3 qardaş tutulub.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxtın Yasamal və Nəsimi rayonları ərazilərində marşrut avtobuslarında 6 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 3 qardaş - Elnur, Faiq və Ruslan Süleymanovlar müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

